Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verəcək

08:34 - 16 Aprel 2022 - ÖLKƏ İÇİ

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. DİM-dən Ucnoqta.az-a verilən xəbərə görə, imtahanda 23107 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. Xatırladaq ki, 16-17 aprel tarixlərində ümumilikdə 192 imtahan binası, 3400 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 192 ümumi imtahan rəhbəri, 550 imtahan rəhbəri, 4219 nəzarətçi-müəllim, 400 buraxılışı rejimi əməkdaşı (mühafizə), 192 bina nümayəndəsi ayrılıb. Həmçinin buraxılış imtahanlarında 8 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binalarda ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Bundan əlavə eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Xəbər xətti