Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub

18:06 - 15 Aprel 2022 - Xəbər

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlikdə bu ilin fevral ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı qurumun kollegiyasının müvafiq qərarı ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Belə ki, pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim edib və onlara iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər.

Xəbər xətti