“İşğal olunandan sonra Şuşa şəhərinə iki əsaslı mənbə ilə gələn su xətləri ermənilər tərəfindən dağıdılmışdı. Biz qəza-bərpa qrupu olaraq boruları təmir edərək Şuşa şəhərini içməli su ilə təmin etdik. Hazırda Şuşa şəhəri 24 saat dayanıqlı içməli su ilə təmin olunur”.
Bu sözləri “Azərsu” ASC-nin işğaldan azad edilmiş ərazilərdə qəza-bərpa xidmətinin rəhbəri Oqtay Həziyev deyib.
“Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa şəhərinin turizm mərkəzinə çevrilməsi üçün biz əsaslı işləri görmüşük. Şuşa şəhərinə gələn magistral su xətləri “Azərsu” tərəfindən yenilənib. Gələcəkdə Şuşanın tam dayanıqlı içməli su ilə təmin olunması üçün yeni anbar sahəsi yaradılır. İşlərə start verilib. Bu da deməyə əsas verir ki, gələcəkdə Şuşanın içməli su ilə təmin olunmasında heç bir problem olmayacaq.
Şuşa şəhərində hazırda mövcud olan 800 kubmertlik və 1000 kubmetrlik anbarları bərpa etmişik. Hazırda su anbara daxil olur və oradan şəhər şəbəkəsinə paylanır. Üç anbarın inşası nəzərdə tutulub. Qısa müddətdə o anbarlar inşa olunacaq. Şuşa şəhərindən gedən iki - Zarıslı və Nəbilər xətti var. Nəbilərə gedən xətlər 426-lıq və 530-luq borularla yenilənib. Hazırda bu işlər tamamlanıb. Yeni yaradacağımız su mənbəyi Daşaltı kəndinin yuxarı hissəsində olacaq.
Bilirsiniz ki, dünyada gedən qlobal istiləşmə dağlarda yağıntı miqdarının azalmasına səbəb olub. Bu səbəbdən problem yaşanmasın deyə biz orada anbar sahəsi yaradırıq. Bu anbara mövsüm xarakterli çayların, suların yığılması nasoslarla Şuşa şəhərinin içməli su ilə təminatına imkan verəcək. Bu mənbə yardımçı olacaq. Hazırda Şuşa şəhərinə iki istiqamətdə dörd mənbədən su verilir”, - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Şuşa şəhərində mövcud kanalizasiya şəbəkəsindən istifadə olunur:
“Amma şəhər bərpa ediləndə yeni kanalizasiya sistemlərinin çəkilməsi və şəhərdaxili kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Şəhərin Baş planı təsdiqlənəndən sonra biz bu istiqamətdə öz işimizə başlayacağıq”.