Məcburi köçkünlər üçün tikilən evlər şəhid ailələri və qazilərə verilir

12:47 - 8 Aprel 2022 - Cəmiyyət

2022–2025-ci illərdə isə hər il  bu məqsədlə dövlət büdcəsində vəsait nəzərdə tutulacaq

(Yazının əvvəlini bu linkə daxil olmaqla oxuya bilərsiniz)

Azərbaycan Prezidenti İlham Əliyevin 16 dekabr 2021-ci ildə imzaladığı şəhid ailəsi statusu alan şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Fərman da bu təbəqədən olan şəxslərin mənzillə təminatını yaxşılaşdıracağı şübhəsizdir.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin (bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilsin.

Nazirlər Kabineti həmin mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi.
Mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan imzaladığı şəhid ailəsi statusu alan şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görülməsi də Nazirlər Kabinetinə tapşırılıb.

2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək şəxslər

25 yanvar 2021-ci ildə isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzaladı.

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə imzalanan sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sıra məsələlər tapşırılıb. Nazirlik aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməlidir:

- 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslər;

- yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslər və şəhid ailələri.

Yerli icra hakimiyyəti orqanlarının üzərinə isə yuxarıda qeyd olunan şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək öhdəliyi qoyulub.

Həmçinin, İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Əlilliyi olan şəxslərə dövlət qayğısını artırmaq məqsədi ilə aylıq təqaüd təyin edilib

Hazırda respublikamızda şəhid ailələri, qazilər, müharibə veteranları  müavinətlə təmin olunur. Belə ki, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Prezident təqaüdü verilir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilən şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə aylıq təqaüd təyin edilib. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında edilən son dəyişiklikliyə əsasən aylıq təqaüdün məbləği I qrup əlillər üçün  400 manat, II qrup əlillər üçün 350 manat, III qrup əlillər üçün 300 manat manat müəyyən edilib. Bu artımlar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Bu təqaüdün təyin olunması üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd, ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti, əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış və Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulanların müharibə əlilliyi vəsiqəsinin surəti tələb olunur.

20 Yanvar şəhidinin ailə üzvlərinə də Prezident təqaüdü verilir

1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərdən isə müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd, ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti və əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış tələb olunur.

20 Yanvar şəhidinin ailə üzvlərinə də Prezident təqaüdü verilir. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il 350 nömrəli Fərmanına edilən dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 500 manat məbləğində müəyyən edilib. Bu artımlar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Təqaüdün təyin edilməsi üçün müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd təqdim etmək lazımdır.

Həmçinin,  “20 Yanvar şəhidi” fəxri adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti, şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti, təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat edən ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti), şəhidin dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı tələb olunur.

Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmayan uşaqlarına aylıq müavinət verilir. Hazırda bu müavinət 15 manat məbləğində müəyyənləşdirilib.

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd tələb olunur.

Şəhidin ailə üzvləri 500 manat təqaüd alır

Şəhid ailəsinin üzvlərinə verilən Prezident təqaüdünün miqdarı da 2021-ci il yanvarın 1-dən artırılıb. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilinəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 500 manat məbləğində müəyyən edilib. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd tələb olunur. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini də təqdim etmək lazımdır. Bundan başqa şəhid statusunu təsdiq edən sənədin surəti, şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti, təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti), şəhidin dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı tələb olunacaq.
Şəhidin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına da aylıq müavinət verilir. Hazırda bu müavinət 21 manat məbləğində müəyyənləşdirilib. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) sənəd təqdim olunmalıdır. Bundan başqa şəhid statusunu təsdiq edən sənədin surəti də sənədlərə əlavə edilməlidir.

(Ardı var)

Pünhan Əfəndiyev
Yazı “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək”  layihəsi çərçivəsində hazırlanıb.

Xəbər xətti