Qanunsuz ağackəsmə və torpaq zəbtinə görə 6 cinayət işi başlanılıb

12:13 - 6 Aprel 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Goraboy, İsmayıllı və Zaqatala rayonlarının ərazilərində qanunsuz ağackəsməyə görə 3 cinayət işi, həmçinin Masallı və Bakının Xəzər rayonlarında yerin təkindən istifadə qaydalarının pozulması və torpaq zəbtinə görə də 3 cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi, qanunsuz qum-çınqıl hasilatının aparılması faktları təsdiqini tapıb.

Qanunsuz ağackəsmə və qum-çınqıl hasilatının aparılması hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən, faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

Xəbər xətti