Bu gün bir neçə müharibə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələrək onları narahat edən məsələləri diqqətə çatdırıblar.
Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət və qayğı ilə yanaşılır:
“Bu dəfə də qazilərimizin hər biri nazirlik əməkdaşları tərəfindən diqqətlə dinlənildi. Müraciətləri əlillik, məşğulluq və s. məsələlərlə bağlı idi. Bununla bağlı onlara bildirilib ki, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir. Ötən dövrdə 2700-dək qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib”.
T. Qurbanov deyib ki, müvafiq qanunvericilikdəki meyarlara uyğun olduğu, orqanizmin funksional pozuntuları yarandığı halda əlillik təyinatı aparıldığı qazilərimizin diqqətinə çatdırılıb:
“Həmçinin e-sistemə barəsində göndəriş və şəhadətnamə daxil edilmiş hər bir qazinin əyani müayinəyə çağırıldığı və bu sahədə heç bir şəxsin diqqətdən kənarda qalmadığı vurğulanıb.
Qəbul zamanı müharibə iştirakçılarının məşğulluq, sığorta ödənişi ilə bağlı müraciətləri ilə bağlı da onlara izahatlar verilib” – o qeyd edib.