Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi ölkədə uşaqların peyvəndlənməsi üçün yaş həddinin aşağı salınıb-salınmayacağı məsələsinə münasibət bildirib.
Nümayəndəlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 virusundan ağır xəstələnmə riskini artıran yanaşı xəstəlikləri olan 5-17 yaş arası uşaqlara peyvənd təklif edilməlidir. 5-11 yaşlı uşaqlar üçün peyvənd əzələdaxili olaraq 10 mkq (0,2 ml) təşkil edir. 12 yaşdan yuxarı olanlar üçün tövsiyə olunan doza, böyüklər üçün olduğu kimi, əzələdaxili yeridilmiş 30 mkq (0,3 ml) təşkil edir.
Eyni zamanda qeyd ki, İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Ekspert Qrupunun müvəqqəti tövsiyələri Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi (FDA) tərəfindən verilmiş tənzimləyici icazəni əks etdirir.
12 yaşdan aşağı sağlam uşaqların peyvənd olunması yalnız prioritet qruplar arasında vaksinasiya faizi yüksək olduqda, o cümlədən prioritet qruplar üçün busterin tətbiqinə nail olunduqda nəzərə alınmalıdır.