“Humanitar Tədqiqatlar” İctimai Birliyi “Müharibənin təsirlərinin öyrənilməsi və hesabatın hazırlanması” layihəsinin icrasını davam etdirir.
“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədovanın verdiyi məlumata görə, layihə çərçivəsində regionlarda sorğuların keçirilməsinə başlanılıb: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi müharibənin təsirinə məruz qalan əhali qrupları (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) və infrastrukturla bağlı araşdırmaların aparılması, mövcud problemlərin həlli ilə bağlı ictimai müzakirənin təşkili və hesabatın hazırlanmasıdır. İlkin olaraq müharibənin təsirinə məruz qalan əhali qruplarının (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) rəyini öyrənmək üçün sorğu anketləri hazırlanıb. Hazırda Tovuz, Qazax, Gəncə, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər edilərək əhali və infrastruktur obyetlərinə dəyən zərər, zərərin aradan qaldırılması istiqamətində görülən işlərin nəticələri öyrəniləcək. Həmçinin, əhali arasında sorğu keçirilərək mövcud çətinliklər öyrənilir. Sorğunun hər rayonda ən azı 20 nəfər olmaqla 200 nəfər arasında keçirilməsi nəzərdə tutulur”.
M.Məmmədova deyir ki, növbəti mərhələdə regionlara həyata keçirilən səfərlərin nəticələri araşdırılacaq, sorğunun nəticələri emal ediləcək: “Həmçinin, müharibənin təsirinə məruz qalan əhali qruplarının problemləri müəyyənləşdiriləcək, bu təsirlərin aradan qaldırılması istiqamətin görülən işlərin nəticələri təhlil olunacaq. Daha sonra əldə olunan nəticələr, müharibənin təsirinə məruz qalan insanların problemləri, həmin təsirlərin aradan qaldırılması üçün görülən və görülməsi zəruri olan məsələlərlə bağlı onlayn ictimai müzakirə təşkil ediləcək. Sonuncu mərhələdə müharibənin təsirinə məruz qalan əhali qrupları (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) və infrastruktur haqqında araşdırmaların nəticələrinin, problemlərin həlli ilə bağlı təkliflərin yer aldığı hesabat hazırlanacaq. Hazırlanan hesabat aidiyyatı dövlət orqanlarına, vətəndaş cəmiyyəti institutlarına təqdim olunacaq və ictimailəşdiriləcək”.