31 mart Soyqırımı - Tarixi faktlarla

12:49 - 31 Mart 2022 - Cəmiyyət

31 mart tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.

Xarici İşlər Nazirliyinin 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatında deyilir:
"Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürülüb, 167 kənd məhv edilb. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir”.

Bakıda öldürülən azərbaycanlıların sayı isə 25 min nəfəri keçib. Bu rəqəmi erməni tərəfinin etirafları, fikir və mülahizələri də təsdiqləyir.
Məsələn:
“Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi…
Bakıda ermənilər ingilislərin yardımı ilə böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar”.


Bunlar Ohanes Apresyanın xatirələrində yer alıb.
O da məlumdur ki, bu qırğınlarda ermənilər tərəfindən 10 min silahlı iştirak edib. Bunu Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edib: “ Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib”.

Qərbi Azərbaycan

Qırğınlar Qərbi Azərbaycan ərazisində də kütləvi hal alıb. “Erməni daşnakları qəsdən, bilərəkdən azərbaycanlı türk əhalisinin qırılması siyasətini yeridirdilər. Bu faktı erməni müəllifi R. Hovanesyan təsdiq edir. O yazırdı ki, təkcə “1918-ci ilin əvvəlindən avqustun 1-dək 300 müsəlman kəndinin dağıdılması haqqında məlumat vardı… aşkara çıxmışdı ki, altı kəndin kişiləri öldürülmüş, onların qadınları isə erməni döyüşçülərinə hədiyyə edilmişdir. Azərbaycan öz torpaqlarının bir hissəsinin və adamlarının itkisi hesabına başa gələn belə vəhşiliklərə daha dözə bilməz”.

Hovanesyan daha sonra azərbaycanlı qaçqınların ölkə ərazisinin müxtəlif bölgələrində acınacaqlı halda, soyuq və şaxtalı hava şəraitibdə ölümə məhkum olduqlarından bəhs edərək yazırdı: “Ermənistan paytaxtında daha 13 000 nəfər, paytaxt ətrafındakı kəndlərdə isə 50000 müsəlman qaçqını erməni xristianlarının nəzarəti altında idilər. Erməni xristianları paytaxtın cənubundakI ərazidə heç bir yaşayış vasitəsi olmayan 70 000-dən 80 000 nəfərədək müsəlman qaçqını var idi və erməni rəhbərliyi onlara hər hansı bir yardım göstərməkdən imtina edirdi”.
*Erməni daşnaklarının başçılarından biri olmuş A. Əmiryan isə yazırdı ki, “təkcə İrəvan quberniyasında daşnaklar tərəfindən 200 azərbaycanlı kəndi dağıdılmışdı.

Bunları erməni başbilənləri etiraf edirdilər. Dağılmış kəndlərdən ikisi isə Arıxlı tayfası ilə bağlıdır.
*Zəngəzur qəzasında (indi Ermənistanın Sisiyan rayonunda) dağıdılan kəndlər arasında iki Arıqlı (Ariklu) kəndi də olub. Zəngəzur qəzasındakı Arıqlı (Arıxlı) kəndində 1873-cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914-cü ildə 214 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilib və kənd dağılıb xarabalığa çevrilib. Bu ərazidə İkinci Arıqlı adlı kənd də olub və bu kənd də 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən xarabalığa çevrilib. Kənd sakinləri isə qanına qəltan edilib,öldürülüb.

A.A Lalayan yazışmalarında qeyd edirdi: “Daşnak dəstələri türk qadınları və uşaqları və əlsiz-ayaqsız xəstələri qılıncdan keçirməkdə göstərdikləri “şücaətlə” fərqlənirdilər. On minlərlə türk zəhmətkeşinin qanına qəltan edilməsi daşnak könüllüləri hərəkatının başlıca nəticəsi idi”.

Gürcüstan

Ermənilər Gürcüstanda azərbaycanlılara qarşı soyqırım törədə bilmədilər. Bunun da səbəbi vardı. Belə ki, errməni kəndlərinin əhalisi əvvəlcədən silahlandırılsa və təlimatlandırılsa da, onlar azərbaycanlılarla qarşı-qarşıya gəlməyə cürət etmədilər. Borçalı qəzasındakı tək-tük erməni kəndləri azərbaycanlıların yaşayış məntəqələri ilə əhatə olunduğundan ermənilər məkrli niyyətlərini açıq silahlı hücumlarla həyata keçirməkdən çəkinirdilər. Şulaver, Xaçın, Qoruncuq, Bosleb (Moslef) və başqa kəndlərin əhalisi azərbaycanlılara qarşı qaldırılsa da, qüvvələr nisbəti qətiyyən ermənilərin tərəfində deyildi. Adıçəkilən erməni kəndlərində bunu yaxşı başa düşürdülər. Erməni qadınları və qocaları Borçalının azərbaycanlılar yaşayan kəndlərinə minnətə gəlir, obalarda sözükeçən ağsaqqallara və ağalara borçalıları sakitləşdirməyi xahiş edir və söz verirdilər ki, bundan sonra heç zaman təhrikçilərin sözlərinə baxmayacaqlar. Həmin vaxtlarda, əslində, erməniləri kütləvi qırğından borçalıların alicənablığı və son dərəcədə mürəkkəb bir vəziyyətdə özlərini təmkinli apararaq emosiyalara qapılmamaları xilas etdi. Bu, 1905-ci ildə də belə idi, 1918-ci ildə də.

Ermənilər 1905-ci il oktyabrın 20-də Tiflisdə törətmək istədikləri qırğınların nəticəsini də unutmamışdılar. Həmin vaxt Borçalı atlıları köməyə getmiş, düşmənə layiq olduqları cavabı vermişdi.
Hər halda düşmənlə döyü oldu.

Bu “Bolus döyüşü” adı ilə daxil olan və indiki Bolnisi (Yekaterinenfeld) uğrunda gedən döyüş idi. Andronikin 800 nəfərlik quldur dəstəsi Bolnisiyə hücum etdikdə Xaçınlı kəndinin erməniləri də onlara qoşuldu. İsrafil ağa Musa ağa oğlu Hacıəliyevin (Acalov) başçılığı altında borçalılar bu döyüşdə də erməniləri məğlub etdi. Onlar ağır itki verdi, çox az adam sağ qaldı. Andranik öz 3 – 5 adamı ilə qaçıb canını qurtarsa da, 800 erməni quldur dəstəsi məhv edildi. İsrafil ağa özü şəxsən general Nazarbekyanın başını qılıncla kəsib.
Əslində bu erməni-gürcü müharibəsi fonunda baş vermişdi. Borçalı uğrunda mübarizənin bir parçası idi.

Bəs ermənilər bu qədər silahı haradan almışdı?

Rusiya qoşunları Osmanlı torpaqlarından geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. Bundan başqa, Rusiya tərəfindən Osmanlı imperiyasına qarşı vuruşan erməni silahlı dəstələri də həmin əraziləri tərk etməyə başladılar və onlar Zaqafqaziyada yerləşdilər. Bu səbəbdən də ermənilər öz silahlı qüvvələrini təşkil edərkən heç bir çətinliklə qarşılaşmadılar. Bu barədə erməni generalı Andronik Ozanyan 1918-ci ildə demişdi: “ Rusiya bizim üçün nəhəng miqdarda döyüş sursatı və silah, ərzaq məhsulları və geyim formaları qoyub getmişdir”.

Pünhan Əfəndiyev

Xəbər xətti