"Məhləmizdən yığılan uşaqlar Latviyanı udarlar" - Zaur Ramazanov

19:56 - 30 Mart 2022 - Müsahibə

Ucnoqta.az Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsini təqdim edir:

- Azərbaycan millisi yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə məğlub oldu. Yığmanın oyunları sizdə hansı təəssüratı yaratdı?
- Yığmanın hər mövqeyində oynamağı bacaran ən azı iki futbolçu var. Sadəcə, gəminin kapitanı zəif olanda nəsə eləmək mümkün deyil. Canni de Byazi iş görə bilmir də, onu güclə burada saxlamağın heç bir mənası yoxdur. Niyə yerli məşqçilərə şans vermirlər, mənə çatmır. Heç AFFA-dakılar özləri də işləyə bilmirlər. Çıxıb getsinlər də. 15 ildir yalandan forma paylamaqla, orda-burda akademiya açmaqla camaatı aldadırlar. Dünəndən küçəyə çıxmamışam. Harasa çıxsam, tanış-tunuş hamı başlayacaq ki, Azərbaycanda futbol yoxdur. Adamı bezdirirlər. AFFA-dakılara nə var, liftdən düşüb maşına minirlər, kimisə görmürlər.

- Tanışlarınız sizə futbolumuzla bağlı tənqidi fikirlər bildirəndə reaksiyanız nə olur?
- Utandığımdan ölüb yerə girirəm. Bilirsiz, təsadüf bir dəfə olar. Hansısa komandaya uduzarsan, çıxıb deyərsən ki, bu dəfə alınmadı. Amma bizim yığma artıq bu məğlubiyyətlərə öyrəşib. Qrupda 1 xal toplayırıq, Maltaya uduzuruq, Latviya ilk dəfə bizə qalib gəlir. Məhləmizdən yığılan uşaqlar və ya veteran futbolçular bir yerə toplaşıb bir az məşq keçərək Latviyanı udarlar.

- Canni de Byazi Latviyaya məğlubiyyətə baxmayaraq, komandanın oyunundan razı danışdı...
- Üzə sillə əlli dəfə dəyəndə vərdiş alır. Artıq utanma da yoxdur. Baş məşqçini kimlərin o postda niyə saxladığı məlumdur. Söhbət idarəçilikdən gedir. Fakt AFFA idarəçilik edə bilmir. Sabah de Byazini çıxarıb, deyəcəklər ki, o işləyə bilmədi. Ardınca da başqa əcnəbi gətirəcəklər. Bunlara deyən lazımdır ki, əsas siz özünüz işləyə bilmirsiz. Bizi artıq ələ salırlar. 500-1000 manata görə susan veteranları saxlayıblar orada. Rəhbərlik özü gizlənir, həmin veteranlar da çıxıb deyəcək ki, milli yaxşıdır, filan komanda da 7 top buraxır. Kimlərə müqayisə aparmayın, özünüzdən danışın. AFFA 14 illik fəaliyyətinə baxıb desin ki, hansısa proqramı uğurlu alınıb. “Elit-məşq” layihəsini istədikləri vaxt açır, istədikləri vaxt bağlayırlar. Deyirlər ki, akademiyalar yaratmışıq. Hansı akademiyaları açıblar, kimi yetişdiriblər?

- Yığmanın heyətində milliləşdirilən futbolçuların sayı ildən-ilə artır. Əgər Maltaya, Latviyaya da uduzuruqsa, bu milliləşmə nəyə xidmət edir?
- Milliləşdirilən futbolçuların üst-üstə hesablasaq, bəlkə də, 500 yaşları var. Onlar bizim nəyimizə lazımdır? Eddi İsrafilovla Dmitri Nazarovu da yenidən çağırdılar. Yəqin kimsə tapşırıb ki, onları yığmaya qaytarmaq lazımdır. Kimi nə vaxt çağırmaq lazım olduğunu da bilmirlər. Məsələn, Ağabala Ramazanov formada olanda çağırılmadı, indi dəvət ediblər. Guya biclik edirlər. Sabah deyəcəklər ki, məşqi yaxşı keçirmədi, buna görə oynatmadıq. Bunu görürsənsə, formada olmayan oyunçunun yığmada nə işi var? Məsələ burasındadır ki, bu problemləri heç kim demir, üstü örtülür.

- Millinin bu biabırçı çıxışı qarşısında futbol veteranları niyə susurlar?
- Hamısı nəyisə gözləyir və ya kiməsə söz veriblər ki, səni işlə təmin edəcəyik. Bəziləri də 500-1000 manat alır, danışmırlar. İndi susanların vaxtı gələndə danışmağa haqları olmayacaq. Yaşlı nəsillik heç nə yoxdur. Onlara nə desələr, onu da danışacaqlar. Amma gənc nəsil etirazını bildirməməlidir.

- Maltaya aparılan meydan oyunçularından yalnız qardaşınız Ağabala Ramazanova şans verilmədi. Düşünürsüz ki, bu, qəsdən atılan addımdır?
- De Byazi məşqçidir? Onun məşqçilikdən anlayışı yoxdur. Əvəzetmələr zamanı “bardaq” yaranmışdı. Biri deyir ki, mən girirəm, digəri əlini qaldırır ki, mən çıxıram. Dördüncü hakim hansı futbolçunun kimin yerinə girdiyini bilmirdi. Qatıb qarışdırmışdılar, nə etdiklərini heç bilmirdilər.

- Dediniz ki, kimsə tapşırır, milliləşən oyunçular dəvət edilir. Hələ də yığmanın heyəti tapşırıqla qurulur?
- Bunu kim tapşırır, heyəti kim yığır, bilmirəm. Amma baş məşqçi İtaliyada otura-otura Dmitri Nazarovun, Renat Dadaşovun, digərlərinin klubunda nə etdiyini necə görür? Onların çıxışına kimsə gedib baxmalıdır. Bir oyuna əsasən də dəvət etməzlər axı.

- Millimiz itirdiyi xallar səbəbindən FIFA reytinqində artıq 129-cu pilləyə düşəcək. Komanda Antiqua və Barbudada, Komor adaları, Farer adaları kimi yığmalardan da geri qalacaq. Həqiqətən də, futbolumuzun səviyyəsi budur?
- Futbolumuzun səviyyəsi bu deyil. Bizdə istedadlı futbolçular var. Sadəcə, onları kəşf etmək, yetişdirmək lazımdır. Şimali Makedoniyaya diqqət yetirin. Onlar uşaq futbolundan başladılar, bu yerlərə qədər yüksəldilər. Çünki konkret proqramları var. Bizdə neçə ildən bir yeni proqram ortaya qoyurlar. Almaniyada akademiya açdılar ki, guya uşaqlarımız orada yetişəcək. Hamısı boş şeylərdir. Bunlar yapışıblar ki, filankəs kateqoriyadan yaxşı keçdi, feşmankəs bacarmadı. İş görmək əvəzinə bunlarınkı boş-boş danışmaqdır. Bunun günahı AFFA rəhbərliyindədir, icraçı vitse-prezident Elxan Məmmədovdadır. Düzgün idarəçilik etmirlər. Niyə yerli futbolçulara şans verilmir? Milli komanda prinsip aparmaq yeridir? Burada hamı bir yumruq kimi olmalıdır. AFFA-dakılar yaxşı tərcümə işini bacararlar. Fransız dilini də, ingilis dilini də yaxşı bilirlər, buna sözüm yoxdur. Amma futboldan başları çıxmır.

- Yığmamız Millətlər Liqası matçlarına de Byazinin rəhbərliyi altında çıxacaq. İtaliyalının qarşısına qrupdan çıxmaq tapşırığı qoyulub. Malta, Latviya ilə bacarman komandanın Slovakiya, Belarus, Qazaxıstan önündə nə dərəcədə şansı var?
- De Byazi təzə gələndə deyirdi ki, Portuqaliyanı da udacağıq, seçmə mərhələdə qrupdan da çıxacağıq. Deyəsən yaxşı qəzəllər deyir. Meyxana deyənlərə yaxınlaşsın, yaxşı qəzəlləri ilə deyişmələrə qatılsın.

- Ancaq de Byazi Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə çıxaran məşqçidir. Bəs Azərbaycan futboluna nə qazandırdı?
- De Byazi futbolumuza biabırçılıqdan başqa heç nə vermədi. Ümumiyyətlə, burada məşqçilik bir şey yoxdur. Məni də başqa bir ölkənin yığmasına baş məşqçi qoysalar, orada heç kimi tanımadıqdan sonra işim alınmayacaq. Çamadanımı yığıb qayıdacağam. Amma yenə də qazanan mən olacağam, cibimi dolduracağam. Bütün yığmalara yerli məşqçilər təyin etmək lazımdır. Həmçinin U-21-in baş məşqçisi Milan Obradoviç də bizə lazım deyil. U-21-də yaxşı oyunçular var. Aşağı yaş qrupu üzrə çempionatlarımızı izləyirəm, orada istedadlı uşaqlar kifayət qədərdir. Ancaq müəyyən yaşa çatandan sonra yoxa çıxırlar. 8 komandalı Premyer Liqamız var. Kimin yaxşı meneceri, adamı olsa, ora düşəcək.

- Tapşırıqla millinin formalaşması məsələsi hələ də qalır?
- Əlbəttə. Onsuz iş olar? Elə adamlara “daydayılıq” edirlər ki, onlardan asılı vəziyyətdədir, bir söz deyən kimi, “baş üstə” söyləyib, işlərinə davam edirlər. Məsələn, mənim “daydayım” heç vaxt olmayıb. Gənclərimiz yalandan kateqoriya oxuyurlar. Bu yaxınlarda gördüm ki, bir yerə yığılıblar, əllərində kitab, məşqçi kateqoriyasına hazırlaşırlar. Dedim ki, əsas AFFA-da “daydayı”nız varsa, oxuyun. Yoxdursa, o sənədi boş yerə evdə aparıb saxlayacaqsınız.

Xəbər xətti