Bayram günlərində təcili tibbi yardıma müraciətlərin sayı açıqlanıb

15:47 - 30 Mart 2022 - Cəmiyyət

"Bayram günlərində təcili tibbi yardıma müraciətlərin sayında nisbi artım müşahidə olunub".

Ucnoqta.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib. O bildirib ki, bayram günlərində vətəndaşlar elə düşünür ki, xəstəxana və klinikalar fəaliyyət göstərmir, ona görə də təcili yardıma çox müraciət edirlər:

"Lakin bilinməlidir ki, istirahət günlərində də xəstəxanaların təcili yardım şöbələri fəaliyyət göstərir. Bayram günlərində vəziyyət nəzarətdə saxlanıldı. Normal günlərdə təcili yardıma 1400-1600 çağırış daxil olurdusa, bayram günlərində 1700-1800 arasında dəyişib".

N. Fərzəliyeva deyib ki, pandemiyanın pik dövrləri ilə müqayisədə çağırışların sayında xeyli azalma müşahidə edilib:

Xüsusən bayram günlərində briqada sayına nəzarət etdiyimiz üçün çağırışlarda gecikmələr müşahidə edilmədi. Qeyd edim ki, pandemiyanın qızğın vaxtlarında elə gün olub ki, təcili yardıma 3000-dən artıq müraciət olub".

O eyni zamanda qeyd edib ki, İlaxır çərşənbədə tonqalda xəsarət alma ilə bağlı təcili yardıma 3 müraciət daxil olub:

"Onlar 9-14 yaşlı uşaqlar idi. Müraciətlər yüngül dərəcəli yanıqlarla bağlı olduğundan, qısa zamanda hospitalizə edildi. Bayram günlərində zəhərlənmə ilə bağlı isə təcili yardıma heç bir müraciət daxil olmayıb" - o deyib.

Xəbər xətti