Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmirinə başlanılıb

14:16 - 30 Mart 2022 - ÖLKƏ İÇİ

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmir işlərinə start verilib.

Bu barədə Ucnoqta.az-a Agentlikdən bildirilib. Məlumata görə, uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Hazırda zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.

Yenidənqurma işləri çərçivəsində küçə boyu 1600 p/metr bardyur və vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1500 p/metr yeni piyada səkilərinin inşası nəzərdə tutulub.
Son mərhələdə küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq, yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
“İnvestisiya Proqramına”na əsasən daha sonra təmir işlərinin Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılması nəzərdə tutulur.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.

Xəbər xətti