Su quyularından limitlə istifadə ediləcək?

14:09 - 30 Mart 2022 - Cəmiyyət

Həyətyanı sahələrdə yerin təki dövlət mülkiyyəti sayılır. Bunun vətəndaşa aidiyyəti yoxdur. Həyətyanı sahədə olan faydalı qazıntılardan, yeraltı sulardan dövlət istifadə edə bilər. Vətəndaşın bundan istifadəsi üçün müəyyən rüsum ödəməsi normaldır.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Axar.az-a Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov Nazirlər Kabinetinin “Sudan ödənişli istifadə Qaydaları”nı təsdiq etməsi haqda danışarkən deyib.

Alim bildirib ki, su çatışmazlığı dövründə dövlətin bu qərarı təqdirəlayiqdir:
“Artıq vətəndaşlar həyətyanı sahələrində olan su quyularından qayda-qanuna əməl edərək yararlanacaqlar. Dövlətin də mənafeyini qorumaq lazımdır. İqlim dəyişikliyi dövründəyik. Çöllük ərazilərdə apardığımız müşahidələr göstərir ki, yeraltı sular azalır. Dağətəyi zonalarda, Şirvan-Qarabağ düzündə hətta bəzi quyular quruyub. Artezian suları, həyətyanı quyularda yeraltı sular kəskin şəkildə azalıb. Ən çox yağıntı düşən Lənkəran zonasında ötən il xeyli quyu qurudu. Bunun təsirindən bulaqlar da qurudu. Bu səbəbdən dünya təcrübəsində keçirilən sınaqlara əsaslanaraq dövlətin tədbir görməsi təbiidir”.

M.İsmayılov həyətlərdəki quyulardan istifadə zamanı suyun həcminə görə vətəndaşlara limit tətbiq edilməsi qərarına belə aydınlıq gətirib:

“Vətəndaş sayğacdankənar müəyyən limitə qədər sudan istifadə edə biləcək. Məsələn, sudan 50 kubmetrlik limit keçildiyi halda rüsum ödəməlidirlər. Yəqin ki, bununla bağlı da konkret qaydalar müəyyənləşdiriləcək”.

Xəbər xətti