32 nəfərə sümük iliyi transplantasiyası uğurla həyata keçirilib

17:58 - 23 Mart 2022 - Leykoz

Transplantasiyanın nə qədər uğurlu olması toxuma uyğunlunun dərəcəsindən asılıdır

Sümük iliyi transplantasiyası zədələnmiş və ya tam məhv olmuş sümük iliyinin yeni sümük iliyi hüceyrələri ilə əvəz edilməsidir.  Sümük iliyinin transplantasiyası 1968-ci ildən leykemiya, limfoma, aplastik anemiya, immun çatışmazlığı pozğunluqları və bəzi bərk şiş xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir.

Qeyd edək ki, sümük iliyi sümüklərdə olan yumşaq, süngər toxumadır. Bədənin qan hüceyrələrinin çoxunun inkişaf etdiyi və saxlandığı yerdir.
Azərbaycanda ilk dəfə  olaraq 2014-cü ildə sümük iliyi əməliyyatı həyata keçirilib. Qohum donorlardan götürülən sümük iliyi üç nəfər xəstəyə köçürülməsi əməliyyatı uğurlu olub. Bu mürəkkəb əməliyyatı Talassemiya Mərkəzinin mütəxəssisləri belarusiyalı həmkarlarının dəstəyi ilə həyata keçirib. MDB məkanında sümük iliyinin köçürülməsi yalnız Rusiyada, Ukraynada, Belarusiyada mövcuddur. Bu növ transplantasiyanı həyata keçirən ölkələrin sayca azlığı sümük iliyi nəqlinin kifayət qədər mürəkkəb, yüksək texnoloji proses tələb etməsi ilə bağlıdır. Həmçinin özəl tələblərə cavab verən tibbi avadanlıq təminatının və xüsusi hazırlıq keçmiş tibbi heyətin olması da zəruridir.  Onu da qeyd edək ki, bu, Azərbaycan səhiyyəsi üçün böyük uğurdur. Həm sümük iliyinin transplantasiyası əməliyyatı, həm də əməliyyatdan sonra xəstənin vəziyyətdən çıxarılması üçün tələb olunan vəsait Azərbaycan dövləti tərəfindən ödənilib və ödənilir. Sonrakı ildə də uğurlu sümük iliyi əməliyyatlarının həyata keçirilməsi davam edib.  Məsələn, ötən ilin (2021-ci il) aprel ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Onlardan 29 nəfəri beta talassemiya xəstəsi, 3 nəfəri isə kəskin mieloblast leykoz, Hoçkin limfoması və multipl mielom diaqnozu qoyulan şəxslər olublar. Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, əməliyyat olunanların 19-u 1-12 yaşarası uşaqlardır. Əməliyyatlarda sümük iliyi donorları pasiyentlərin qardaş və bacıları olub. Cərrahi əməliyyatlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsində (Talassemiya Mərkəzi) icra olunub.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyevanın sözlərinə görə, irsi və bədxassəli hematoloji xəstəliklərdə qan hüceyrələrini yaradan sümük iliyi normal funksiyalarını itirdiyi üçün sümük iliyində qan hüceyrələrinin əmələgəlmə prosesində bir sıra problemlər yaranır: “Həmin xəstəliklərin müalicəsində sümük iliyi transplantasiyası önəmli yer tutur. Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir. Həmin müalicə metodu ilə xəstələrin irsi və bədxassəli hematoloji xəstəliklərdən tamamilə müalicəolma şansları olur. Əməliyyatdan sonra bir çox hallarda donorun limfositləri resipiyentin orqan və toxumaları tərəfindən yad kimi qəbul olunur və resipiyentin llimfositləri onları dəf etməyə çalışır. Bu zaman yan təsirlərin qarşısının alınması üçün transplantasiya öncəsi və sonrası xəstəyə qoruyucu dərmanlar təyin olunur”.

Nərgiz Əliyeva əlavə edib ki, köçürülmüş kök hüceyrələr təxminən üç həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə başlanğıc verir. Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır. Xüsusi olaraq qeyd etmək istəyirik ki, istər əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar (kimyaterapiya üçün), istərsə də kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar xəstələrə ödənişsiz verilir.

Məlumat üçün bildirək ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq ödənişsiz həyata keçirilir.

Sümük iliyi transplantasiyası üçün kimlər donor ola bilər?

Əlbəttə ki, sümük iliyinin donorluğu üçün də müəyyən parametrlər və tələblər mövcuddur. Əgər 18 yaşdan 65 yaşa qədər şəxslər qan donoru ola bilərsə, sümük iliyi donorluğu üçün yaş həddi – 18 yaşdan  55 yaşa qədərdir. Əsas odur ki, insanda yaxın və ya tamamilə tanımadığı bir şəxsin sağalmasına kömək etmək arzusu olsun.  Toxuma qrupu antigenləri (HLA) xəstə ilə uyğun olan hər bir sağlam şəxs donor ola bilər.

Bacı və ya qardaşın toxuma uyğunluğunun olma ehtimalı olduqca yüksəkdir məhz bu səbəbdən adətən donor xəstənin bacı və ya qardaşı olur. Nadir hallarda valideynlər, övladlar və digər qohumların toxuma qrupu antigenlərinin uyğunluğunun olma ehtimalı var. Talassemiya Mərkəzindən bildirilib ki, transplantasiya olunacaq xəstə ilə donorun qan qrupunun eyni olması vacib deyil, fərqli qan qrupuna malik şəxs xəstəyə donor ola bilər. Önəmli olan donor ilə resipiyentin toxuma qrupu antigenlərinin uyğunluğudur. Transplantasiyanın nə qədər uğurlu olması toxuma uyğunlunun dərəcəsindən asılıdır. Toxuma uyğunluğu 100% olmayan xəstələtdə graft versus host xəstəliyinin baş vermə ehtimalı daha yüksək olur. Graft versus host xəstəliyi zamanı xəstənin qaraciyər, ürək, dəri və digər orqanlarında ciddi zədələnmə müşahidə olunur.

Ailə üzvləri arasında uyğun donor olmadığı hallarda könüllü donor ilik banklarına müraciət olunur və xəstəyə uyğun donor axtarışına başlanılır. Ölkə daxilində qeydiyyatdan keçmiş uyğun donor olmazsa xarici ölkələrin donor banklarına müraciət etmək mümükündür.

Sümük iliyinin donorluğuna birbaşa əks göstərişlər və şərtlər:

Könüllü donor namizədlərində hər hansı yoluxucu xəstəliklər, immun sistem xəstəlikləri və infeksion xəstəliklər olmamalıdır. Bu səbəbdən ilk növbədə donor kimi müraciət edən şəxslərdən qan nümünələri alınaraq müayinə olunur.  .

Bu xəstəliklər varsa onlar donor ola bilməz.

QİÇS və HİV infeksiyası tarixi;
vərəm;
malyariya;
otoimmün xəstəliklər;
onkoloji proseslər;
hepatit;
hamiləlik;
laktasiya.

Ruhi xəstələrə və mərkəzi sinir sisteminin üzvi pozğunluqlarından əziyyət çəkən insanlara material verməyə məcbur etmək olmaz. Tamamilə təhlükəsiz olmayan prosedura əks göstərişlər - anesteziyaya zəif dözümlülük. Bronxial astma, xəstəlikləri olan insanlardan hematopoetik kök hüceyrələrin toplanması arzuolunmazdır.  polivalent allergiyaya meyl, həzm və sidik sistemlərinin pozulması.

Əgər aparılan müayinələr nəticəsində hər hansı bir xəstəlik aşkarlanmazsa toxuma tipi müəyyənləşdirilərək donorun şəxsi məlumatları sümük iliyi bankında qeydiyyata alınır. İlik bankına müraciət edən və tranplantasiya üçün uyğun donor gözləyən biri ilə toxuma uyğunluğu olarsa donor namizədi ilə əlaqə saxlanılır və kök hüceyrənin toplanması üsulu seçilir (periferik qandan kök hüceyrələrin toplanması, sümük iliyindən kök hüceyrələrin toplanması). Daha sonra fiziki və laborator müayinələr aparılır.


Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti