Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək?

15:48 - 23 Mart 2022 - ÖLKƏ İÇİ

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur.

U.Tağıyeva deyib ki, şimal-qərb küləyi martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək.

“Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”, - o söyləyib.

Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib.

Xəbər xətti