“Azərbaycan torpaqları təxminən 30 il işğal altında olub. 30 il ərzində bu ərazilərdə ekobalans pozulub, biomüxtəliflik ciddi şəkildə zərər görüb, ətraf mühitə ciddi zərbələr vurulub”.
Ucnoqta.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantında deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə su ehtiyatları, çaylar ekoloji böhrana məruz qalıb.
Muxtar Babayev xüsusilə Oxçuçayın çirklənməyə məruz qaldığını diqqətə çatdırıb və əlavə edib ki, Oxçuçayla bağlı məsələ müxtəlif beynəlxalq təşkilatların qarşısında qaldırılıb.
Muxtar Babayev vurğulayıb ki, işğal dövründə hidrometeoroloji stansiyalar, ekoloji vəziyyəti müşahidə üçün bütün infrastruktur Ermənistan tərəfindən məhv edilib.
Nazir bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyat, resursların ağıllı və dayanıqlı istifadəsinə, su resurslarının idarəçiliyinə xüsusi diqqət ayırır, müasir standartlar tətbiq olunur.
“Azad olunmuş ərazilərdə 11 meteoroloji stansiyanın tikilməsi barədə atıq təşəbbüs verilib. Şuşa şəhərində dopler radar sistemi qurulacaq və Şamaxı ilə Göygöl ərazisindəki mövcud şəbəkəyə qoşulacaq”, - nazir qeyd edib.