Leykoz sümük iliyinin xəstəliyidir

11:35 - 16 Mart 2022 - Leykoz

Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar, xüsusilə uşaqlar üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı böyük maraqla qarşılandı. Birinci vitse-prezident Mehriban Əliyeva “facebook” səhifəsində bununla əlaqədar paylaşımında deyilir: “Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”.

Bu paylaşımdan sonra Azərbaycanda idarə və təşkilatlarda uğurlu qanvermə kampaniyası həyata keçirildi və bu gün də davam edir. Yaradılan qan ehtiyyatı leykoz xəstəliyindən əziyyət çəkən insanlar, xüsusilə uşaqlar üçün də böyük  dəstəkdir. Bəs leykoz xəstəliyi nədir? Necə müalicə olunur? “Leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman sümük iliyində blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır.

Onların 80 faizi limfoblast leykoz, 15-20 faizi isə mioblast leykozdur. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi  Nailə Babayeva bildirir ki, leykoz xəstəliyi altında qanın bir çox onkoloji xəstəlikləri–kəskin, xroniki, limfoblast və mieloblast leykoz cəmlənir. Kəskin leykoz şiş transformasiyası qanyaranmanın kötük hüceyrələrinin differensasiyasının ilk mərhələlərində baş verir və  o şiş hüceyrələrinin morfoloji və sitokimyəvi xüsusiyyətlərini ifadə edir. Ona bütün yaş dövrlərində rast gəlindiyinə baxmayaraq ən çox 3-4 və 60-70 yaşlarında xəstələrdə təsadüf olunur. Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər. Xroniki leykozlar isə yetişmiş və yetişməkdə olan hüceyrələrdən inkişaf edir. Sümük iliyinin xronik olaraq şiş mənşəli zədələnməsi xroniki leykoz adlanır. Xroniki leykozlar özləri də inkişaf etdiyi toxumadan asılı olaraq mieloid və limfoid qrupa bölünür.

Xroniki leykozlar içərisində daha çox rast gəlinən xroniki mieloid leykozlardır ki, bu əhalinin hər 100 nəfərinə 4-5 xəstələnmə halı kimi qeyd edilir.  Ona 50 – 60 yaşlarda daha çox rast gəlinir.
Xəstəliyin meydana çıxma səbəbləri kimyəvi faktorlar, ionlaşdırıcı radiasiya, ətraf mühitin əlverişsiz faktorları hesab olunsa da xroniki mieloleykozların meydana çıxmasında əsas səbəb ionlaşdırıcı radiasiyadır. Radiasiya, kimyəvi maddələrin məişətdə geniş tətbiqi, zərərli və zəhərli qazlarla atmosferin çirklənməsi genetik aparatda pozucu amilə çevrilərək xəstəliyin yaranmasına səbəb olur.

Xroniki limfoleykoz daha xoş xassəli gedişə malikdir. Bu da qanyaradıcı orqanın limfoid toxumasının şiş xəstəliyidir. Bu xəstəlik zamanı xəstələr uzun müddət xəstə olduqlarını bilmirlər. Təsadüfü müayinələr zamanı xəstəlik aşkar olunur.

Əlamətləri

Leykoz xəstəliyinin yaranmasında virus faktorunun, xüsusilə Epşteyn-Barr virusunun böyük rolu var. Xüsusilə genetik və psixoloji amillər xəstəliyin yaranmasında mühüm və həlledici rol oynayır. Leykoz gəlirəm deməsə də, ilkin əlamətlərlə vaxtında sezmək olar. Ona görə hər kəs özündə və validyenlər övladlarında bu əlamətlərə ciddi diqqət etməlidirlər. Əlamətlər:

1. Təngnəfəslik, nəfəsin tıxanması, gəzəndə nəfəsin çatmaması, tövşümə
Leykoz zamanı qanda trombositlərin miqdarı kəskin azalır, ona görə ağciyər və orqanlara oksigen təminatı pozulur. İnsan əvvəl iş görəndə, çox gəzəndə, daha sonra elə ev içində, sakit halında tövşüyür, nəfəsi sanki çatmır, təngnəfəs olur.
2. Tez yorulur, xroniki halsızlıq

Qanda trombositlərin az olması yorğunluğu artırır, insan yerindən qalxmağa ərinir.

3. Bədən səthində irili-xırdalı göyərmələr

Əgər bir yerə bərk toxunmadan, yatıb səhəri qalxıb qollar, diz, bel, ayaqlarda göyərmələr, qançırlar görürsünüzsə bu artıq trombositlərə bağlı simpomdur. Bir səbəbi də leykozdur.

4. Limfa düyünlərinin böyüməsi

Limfa düyünləri bir çox xəstəliklərdə, iltihabda şişdiyinə görə şişib sonra çəkilir. Ona görə bu əlamət sizi qorxutmasın. Amma əgər limfa düyünləri ilin 3-5 ayını elə böyük, şiş qalırsa və yaxşılaşma olmursa, bu artıq ciddi səbəbdir.

5. Dəridə qırmızı nöqtə və ləkələrin yaranması

Bu ləkələr uzun müddət getmir və əksinə artır.

6. Gecələr tərləmə

Qızdırma olmasa da gecələr səbəbsiz tərləmə də leykoza işarə ola bilər

7. Burundan qan açılma, yaraların gec sağalması

Qanın laxtalanması pozulduğu üçün qan çox duru olur və burundan tez-tez qan açılır.

Əgər siz bu əlamətlərdən ibarət kliniki təzahür və mənzərə görsəniz, o zaman təcili həkimə müraciət edin.

Xəstəliyin diaqnozunun qoyulması?

Xəstəliyin başlanğıc formasını çox zaman aşkar etmək mümkün olmur. Təsadüfən qanın ümumi analizi zamanı leykositlərin bir qədər normadan artıq olması müşahidə olunur. Bu zaman xəstədə klinik simptomlar özünü biruzə verir.

Xəstəliyin diaqnozunun qoyulması üçün bir çox xəstələrdə ilk növbədə adi qan analizi kifayətdir. “Lakin diaqnozu dəqiqləşdirmək üçün hökmən sümük iliyinin analizi və genetik müayinələr lazımdır. Burada onkoloji blast hüceyrələrin - xərçəng hüceyrələrinin aşkara çıxarılması düzgün diaqnoz qoymağa imkan verir. Diaqnozun qoyulması adətən çətin deyil. Valideynlər nə qədər diqqətli olsalar, xəstəlik bir o qədər asan və vaxtında aşkarlanar”,- o deyir.

Leykozun müasir müalicə nəticələri müsbətdir

Leykozun müasir müalicə nəticələri müsbətdir. Proqram müalicəsinin nəticəsində leykozdan sağalma şansı 80 faizdən çoxdur. Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu qoyulan xəstə ölümə məhkum sayılırdı. Bu, həm həkimlər, həm də xəstələr arasında aksiom kimi qəbul edilmişdi. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicəyə proqram anlayışından yanaşma leykozun proqnozunda inqilabi dəyişiklik yaratdı. Yeni müalicə proqramlarının tətbiqi, ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması, onko-hematoloji kadrların hazırlanması, yeni dərman preparatlarının kombinasiyalı tətbiqi, kimyaterapiyanın ağırlaşmaları ilə daha səmərəli mübarizə üsullarının hazırlanması, xəstələrin sosial və psixoloji problemlərinin öyrənilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, xarici hematoloji institutlar ilə kooperativ iş qurulması xəstələrin sağalması istiqamətində əsaslı dönüş yaradıb. Artıq keçən əsrin 80-ci illərindən başlayaraq leykozlu xəstələrin sağalması gerçəkliyə çevrilib. İndi leykozdan əziyyət çəkən xəstələrin, əsasən də uşaqların remissiya çıxma şansı 100, tam sağalma ehtimalı isə 80-85 faizə bərabərdir.

Reyman İsmayılzadə qeyd edir ki, uşaqlarda rast gələn şişlər həssas olduğuna görə kimya və şüa terapiyalarına daha müsbət cavab verir. Balacalarda adətən embrional şişlər olur və onların həssaslığı müalicəni asanlaşdırır. Valideynlər həkimin tövsiyəsinə əməl etsələr, onların övladlarının 80 faiz sağalma şansı var.

Mütəxəssis, həmçinin bildirib: “V alideynlər uşaqlarına qarşı çox diqqətli olmalıdırlar. Düşünürəm ki, xərçəngdən ölüm hallarının qarşısını almaq üçün maarifləndirmənin böyük rolu var. Çünki hər hansı bir əlamət müşahidə edilərsə, vaxtında edilən müraciət balacaların həyatını qurtara bilər.

Pünhan Əfəndiyev
Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti