Türkiyə ilə Azərbaycan arasında rəqəmsal ticarət üzrə imzalanan anlaşma memorandumu çərçivəsində 11 dövlət qurumundan ibarət işçi qrupu yaradılıb.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev deyib.
Onun sözlərinə görə, bu işçi qrupunun əlaqələndirilməsi Mərkəzə həvalə olunub.
"Gördüyümüz işlər genişdir. Biz IV Sənaye İnqilabı sahəsinin, rəqəmsal iqtisadiyyat sahəsinin Azərbaycanda inkişaf etdirilməsi üçün tədbirlər həyata keçiririk. Azərbaycanda IV Sənaye İnqilabı texnologiyaları üzrə 22 dövlət qurumundan ibarət işçi qrupu yaradılıb. Onun da əlaqələndirilməsi bizim Mərkəzə həvalə olunub", - deyə T. Tağıyev qeyd edib.
Ekspertin fikrincə, bununla yanaşı, ölkədə IV Sənaye İnqilabı, eyni zamanda rəqəmsal iqtisadiyyat üzrə, həmçinin süni intellekt strategiyalarının və tədbirlər planının hazırlanmasına ehtiyac duyulur.
"Bizim ilkin təhlillər onu göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün müəyyən amillərin mövcudluğu gərəkdir və bura əsasən rəqəmsal infrastrukturun, yüksək sürətli internetin ölkə üzrə təmin edilməsini hədəf kimi görürük. Bu sahədə də artıq kifayət qədər işlər görülüb və qeyd olunub ki, yaxın illərdə Azərbaycanda bütün şəhərlər yüksək sürətli internetlə təmin olunacaq. Əlbəttə, burada 5G texnologiyalarından istifadəsi də hədəf kimi qoyulub", - deyə T. Tağıyev əlavə edib.///apa