Azərbaycanda ən çox maaş alanlar kimlərdir?
08:12 - 15 Mart 2022 - ÖLKƏ İÇİ
2022-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1679,1 min nəfər olub, onlardan 901 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 778,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilib ki, muzdla işləyənlərin 19,8 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2022-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq 765,9 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də, nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.