Cari ilin fevralın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 679,1 min nəfər olub, onlardan 901,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 778,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 19,8%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2022-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,9% artaraq 765,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.