Flora Kərimova Afəti məhkəməyə verdi

15:49 - 10 Mart 2022 - MAQAZİN

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verib.

Ucnoqta.az xəbər verir ki, Flora Kərimova Teleqraf.com-a açıqlamasında Afət Fərmanqızını məhkəməyə verdiyini deyib: "Afət Fərmanqızını şərəf və ləyaqətimi təhqir etdiyi üçün məhkəməyə vermişəm. Bir neçə gün öncə rəsmən müraciət etmişəm, sənədlərə baxmalıdırlar".

Afət Fərmanqızı isə saytımıza açıqlamasında xalq artistinin onu məhkəməyə verməsindən xəbərsiz olduğunu vurğulayıb: "Bu barədə heç bir məlumatım yoxdur. Məhkəmədən bildiriş də gəlməyib. Əvvəl də demişdi ki, məhkəməyə verirəm, amma verməmişdi. Yalandırsa bu dəfə gerçək olsun. Dövlətin qanunu qarşısında boynumuz qıldan incədir".

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Xatırladaq ki, Flora Kərimova bir müddət Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu mahnı haqqında belə demişdi: "Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan".

Afət Fərmanqızı isə instaqramda Kərimovanın "Qaynana 2" filminin çəkilişi zamanı vannada çəkilən şəklini paylaşaraq tənqidə belə cavab vermişdi: "Bu xanım yaxın günlərdə Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Faiq bəy onunla duet oxuyan vaxtı artıq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız".

Xəbər xətti