Azərbaycanda qazın bahalaşması gözlənilmir - "Azəriqaz"

12:01 - 4 Mart 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda qazın satış qiyməti ilə bağlı artım gözlənilmir.

Bunu "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev "Açıq qapı" aksiyası çərçivəsində Avropada qazın bahalaşmasının Azərbaycana ola biləcək təsiri ilə bağlı suala cavab verərək bildirib.

O xatırladıb ki, Azərbaycanda qazın satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir: "Hazırda təbii qazın satış qiyməti ilə bağlı hər hansı bir artım gözlənilmir".
Xatırladaq ki, ötən ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.///Apa

Xəbər xətti