Aliment Fondu: İllərdir müzakirə gedir, yaradılması reallaşmır

09:23 - 24 Mart 2022 - Cəmiyyət

Bu mexanizm tətbiq edilən ölkələrdə  ödənilən alimentin 90 faizi  büdcəyə geri qayıdır 

Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli 2(011)-2466/2011 saylı  qətnaməsi ilə Ü.Mirzəyevlə E.Səlimova arasında nikah pozulub. Məhkəmə qətnaməsi ilə bu nikahdan doğulan 2006-cı il təvəllüdlü uşağın 18 yaşınadək saxlanılması üçün Ü.Mirzəyevdən ayda 80 manat aliment  tutularaq uşağın anasına ödənilməsinə dair Qətnamə çıxarılıb. Sözügedən qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq qətnamə  icra edilməyib. Dəfələrlə aidiyyatı qurumlara şikayət ərizələri yazdıqdan sonra ailment müəyyən fasilələrlə ödənilib.

İddiaçı 2017-ci ilin sentyabrında “Alimentin artırılması tələbinə dair” yenidən məhkəməyə müraciət edib. Xətai rayon Məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli 2(011)-9327/2017 saylı qətnaməsi ilə Ü.Mirzəyevdən 10 noyabr 2017-ci ildən hesablanmaqla övladı  yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin E.Səlimovanın xeyrinə tutulmasını qət edilib. Amma bu qətnamə də icra edilməyib. Həmçinin, borclu icra məmurunun çağırışlarına gəlməyib və qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırıb. İddiaçının dəfələrlə şikayətindən sonra Xətai Rayon İcra şöbəsinin İcra məmuru  borclu Ü.Mirzəyev haqqında axtarış elan edib. Xətai Rayon Məhkəməsinin  4 dekabr 2019-cu il tarixli qərarı ilə borclu Ü.Mirzəyev  barəsində 10 gün müddətində inzibati həbs qərarı verilib. Amma bundan sonra da aliment ödənilməyib. 2017-ci ilin oktyabrından 01 mart 2022-ci ilədək Ü.Mirzəyevin 7124 manat aliment borcu yaranıb. Uşağın artıq 16 yaşı var, amma o, böyüməsi üçün məhkəmə qərarı ilə təyin olunan alimenti almadan böyüyüb.

Hazırda respublikamızda icra edilməyən məhkəmə qərarlarının sayı minlərlədir. Onlardan böyük bir hissəsini isə alimentin ödənilməməsi ilə bağlı qərarlar təşkil edir.

Pandemiya dövründə də boşanmalar artıb

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, respublikamızda  boşanmaların sayı ildən-ilə artır. Həmçinin, əhalinin sayı artsa da, bağlanan nikahların sayı azalır. Belə ki, 2015-ci ildə 68 773, 2016-cı ildə 66 771, 2017-ci ildə 62 923, 2018-ci ildə 62 484, 2019-cu ildə 32 984, 2020-ci ildə isə 35 343 nikah qeydə alınıb.

Müvafiq olaraq 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857, 2019-cu ildə 11 210, 2020-ci ildə isə 14 628  boşanma qeydə alınıb.

2021-ci ildə ölkədə qeydiyyat şöbələri tərəfindən 56 314 min nikah (2020-ci illə müqayisədə artım 59,3 faiz) və 17 191 min boşanma halı (artım 17,5 faiz) qeydə alınıb.

Ekspertlər 2021-ci ildə nikahların sayındakı artımı 2020-ci ildə pandemiya səbəbindən toylara qoyulan qadağa ilə bağlıdır. Ötən il pandemiya şərtləri qismən yumşaldığı üçün bağlanan nikahların sayı artır.

Amma nəzərə alaq ki, aliment təkcə nikah pozularkən təyin edilmir, həm də nikah pozulmadan, amma faktiki ayrı yaşayan, uşaq himayəsində olan valideyn, digərindən aliment tələb edə bilər. Boşanmalardan ən çox əziyyət çəkənlər isə uşaqlar və qadınlar olur. Çünki boşanmalardan sonra əsas problem ödənilməli olan alimentlə bağlı yaşanır. Halbuki aliment uşağın normal böyüməsi üçün vacibdir. Əgər ata (yaxud ana) alimenti ödəmirsə, bunun cəzasını uşaq çəkməməlidir.

Azərbaycanda Aliment Fondunun yaradılması müzakirədən irəli getmir

Ekspertlər isə hesab edir ki, aliment ödəməyənlərin həbsi ilə də problemi çözmək mümkün deyil. Təbii ki məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Problemin həllinin təkcə valideynlərin üzərinə qoyulması doğru deyil. Çünki mərhumiyyətlər içərisində böyüyən uşaqların cəmiyyət üçün faydalı olmasını təmin etmək mümkünsüzdür. Valideynin məsuliyyətsizliyinin bədəlini övlad ödəməməlidir.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitə fəaliyyəti müddətində Milli Məclisə aliment məsələsi ilə bağlı bir sıra təkliflər göndərib. Komitə tərəfindən hazırlanan “Azərbaycan Respublikasının 2021-2030-cu illər üzrə Ailə Strategiyası”nda alimentin ödənilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, respublikamızda Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə də daxil edilib. Sonradan məsələ Milli Məclis sıviyyəsində də müzakirə olunsa da, bugünədək Aliment Fondunun yaradılması öz müsbət həllini tapmayıb.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində də Aliment Fondunun yaradılması məsələsi əksini tapıb. Hesabatda uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət tərəfindən ödənilməsi və sonradan borcludan məcburi qaydada alınması üzrə mexanizmin (Aliment Fondunun) yaradılması təklifi qeyd edilib.

Həmçinin, əmlak və gəlirləri aşkar edilməyən, maddi çətinlik səbəbindən aliment ödənişlərini vaxtında ödəyə bilməyən (aliment borcunun ödənilməsindən qəsdən yayınma halları istisna olmaqla) borclu barəsində ümumi qaydada İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin aliment borcunun ödənilməsinin təmin olunması baxımından səmərəli olmadığını nəzərə alaraq, aliment tələbinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzasının işin halları və pozuntunu törədən şəxsin maddi durumu nəzərə alınmaqla tətbiqi, bununla bağlı qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin olunması təklif edilir.

Aliment Fondunun yaradılması  uşaqların müdafiəsi baxımından da önəmlidir

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Aliment Fondunun yaradılmasının tərəfdarıdır: “Hesab edirəm ki, Aliment Fondu büdcəyə yük olmayacaq.  Belə bir fondun yaradılması  uşaqların müdafiəsi baxımından da önəmlidir".

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva mediaya açıqlamasında vurğulayıb ki, Aliment Fondunun yaradılması (alimentin borcludan sonradan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi) mexanizminin hazırlanıb tətbiq edilməsi zəruridir: “Aliment Fondunun yaradılması sosial dövlət məfhumunun fəlsəfəsindən irəli gəlir. Bu baxımdan belə fond problemin həlli istiqamətində uğurlu mexanizm kimi qiymətləndirilə bilər. Fondun ya ayrıca, ya da hansısa müvafiq dövlət qurumunun tabeliyində fəaliyyət göstərməsi mümkündür. Amma xarici təcrübəni öyrənəndə görürük ki, aliment ödəmək öhdəliyi olan hər kəs fondun köməyi üçün müraciət edə bilməz. Bunun üçün şəxs dövlətin müəyyən etdiyi məbləğdən daha az gəliri olmalıdır. Bu köməyə iddia edən şəxs qanunvericiliyin müəyyən etdiyi sənədlərlə xüsusi proseduru keçməlidir. Ödənişlər 18 ay müddətinə ödənilir və ödəniş qabiliyyətini bərpa edən şəxs daha sonra özü bu dəstəkdən faydalanaraq ödənişi davam etdirir. Bununla da aliment ödəməli olan şəxs öz öhdəliyindən yayına bilmir”.

“Aliment ödəyə bilməyənlərə qarşı inzibati və cinayət təqibi qaydasında həyata keçirilən tədbirlər də aliment borcunun ödənilməsinə təsir etmir. Bu səbəbdən yaradılması təklif edilən Aliment Fondu effekt verə bilər. Fondun yaradılmasının mahiyyətində o dayanır ki, aliment ödəmə qabiliyyəti olmayan valideynlərin əvəzinə həmin fonddan uşaqlara aliment ödənilsin, sonradan həmin vəsait borcludan tutularaq fonda qaytarılsın. Çünki uşağın tərbiyə, təhsil və inkişafında önəmli olan həmin maliyyə vəsaiti gecikdirilmədən vaxtında ödənilməlidir. Aliment Fondunun əsas mənbəyi dövlət büdcəsi ola bilər. Daha sonra Fonda ianələr toplanıla, aliment ödəməyən işsizləri dövlət tərəfindən işlərə cəlb edib və əməkhaqlarının bir hissəsini fonda köçürmək olar. Nəzərə almaq lazımdır ki, aliment ödənilməsi bizim gələcəyimiz olan uşaqlarla bağlıdır”,- deyə hüquqşünas Yaşar Ağazadə bildirir.

Vəkil Araz Nurməmmədov isə deyir ki, uşaqlar valideynlərinin boşanmasına görə hər hansı məhrumiyyətə düçar olmamalıdır: “Valideyn işsiz olduqda boşanandan sonra aliment ödəyə bilmir. Alimentin ödənilməsində ən böyük çətinlik həm də aliment ödəməli olan valideynin ölkədən kənarda olduqda yaranır. Çünki bəzi ölkələrə bu sahədə hüquqi yardım barədə anlaşma olmaması ciddi problemlərdəndir. Axtarışda olan şəxs hansısa MDB ölkəsində olduqda, saxlanılaraq Azərbaycana təhvil verilir. Çünki Azərbaycanın MDB ölkələri ilə bu istiqamətdə əməkdaşlığı var. Ancaq şəxs hətta Türkiyəyə belə getsə, onun barəsində heç bir tədbir görmək mümkün olmur. Bu işin səmərəliliyi üçün dövlətlərarası hüquqi yardım barədə razılaşma olmalıdır”.

Artıq bir sıra ölkələrdə alimentlə bağlı qərarların icra yolları tapılıb. Fransa, İngiltərə, Avstriya, İsveç, Daniya, Norvec, Finlyandiya və Ukrayna kimi ölkələrdə alimentin ödənilməsi dövlət vəsaiti hesabına həyata keçirilir.  Bundan sonra məhkəmə icraçıları alimenti ödəməkdən yayınan valideyndən dövlətin ödədiyi miqdarda aliment məbləğini alır və bununla ödənilmiş vəsait yenidən dövlətin hesabına qayıdır. Bu mexanizm tətbiq edilən ölkələrdə  90 faiz  büdcə vəsaiti  geri qayıdır.

Bir məsələni də nəzərə almaq lazımdır ki, məhkəmə qərarlarının icrası insanların məhkəmələrə inamını artırır. Buna görə də beynəlxalq təcrübə öyrənilib alimentlə bağlı məhkəmə qərarlarının icrasına mane olan səbəblərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Vətəndaş işləmirsə, əmlakı və gəliri yoxdursa, məhkəmə qərarını icra etməsi mümkünsüzdür. Belə hallarda bu məsələlərin daha təkmil prosedur qaydası qanunvericiliklə həllini tapmalıdır.

Emin Nəbili

Xəbər xətti