“Bu gün Ukraynanın Odessa şəhərindən 150 azərbaycanlı təxliyə olunub”.
Bunu Oxu.Az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.
Onun sözlərinə görə, dünən bu şəhərdən 120-yə yaxın insanın təxliyəsi həyata keçirilib:
“Bu gün də soydaşlarımızı Moldova sərhədinə yola salınıblar. Orada səfirlik əməkdaşları onların yerləşdirilməsini təmin edəcəklər. Ukraynada ümumi vəziyyət çox gərgindir. Bu gün Odessada nisbətən sabitlik hökm sürür. Nəqliyyat vasitəsi tapmaq çox çətindir. Lakin əlimizdən gələni edirik ki, həmvətənlərimizi buradan təxliyə edək”.
Təşkilat sədri vurğulayıb ki, Odessa vilayətində 30 min azərbaycanlı yaşayır:
“Ümumilikdə buradan nə qədər soydaşımızın çıxdığını dəqiq rəqəmlə demək olmur. Çünki bəzi vətəndaşlarımız var ki, öz şəxsi nəqliyyat vasitələri ilə alternativ yollardan şəhəri tərk ediblər”.