Aliment öhdəliyinin icrası ilə bağlı uğurlu beynəlxalq təcrübə

19:45 - 28 Fevral 2022 - Cəmiyyət

İsveçdə aliment borcunu dövlət ödəyir, İsraildə alimentin hər ödənilməyən ayına görə borcluya həbs cəzası verilir

Aliment öhdəliyinin mahiyyəti eyni olsa da, dünya ölkələrində fərqli adla təqdim olunur. Şotlandiya, İngiltərə, İrlandiya, Uels, Yeni Zelandiyada bu ödəniş “aliment” adlanır. Bu öhdəlik ABŞ və  Kanada da “ər-arvad dəstəyi”, Avstraliyada “həyat yoldaşının saxlanması” kimi tanınır. Aliment öhdəliyi hər bir ölkənin boşanma qanunundan və ya ailə hüququndan irəli gələn tələblər əsasında müəyyənləşdirilib. Amma əksər ölkələrin yuridiksiyalarında boşandıqdan sonra valideynlərdən biri uşağın digər valideyninə və ya qəyyumuna pul ödəməklə uşaqlarının saxlanmasına töhfə verməli olur.

Beynəlxalq konvensiyalarda təsbit edilən aliment hüququ

Uşaqların normal yaşayışının təmin edilməsinə hesablanan və ayrı yaşayan valideynlərin  uşağın saxlanmasına dəstəyini təmin etməyə yönələn öhdəlikləri beynəlxalq səviyyədə qəbul edilib. Belə ki, 1992-ci il Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası Birləşmiş Millətlər Təşkilatına üzv olan hər bir ölkə tərəfindən imzalanıb. Bu Konvensiya Amerika Birləşmiş Ştatları istisna olmaqla, hamı tərəfindən rəsmi olaraq ratifikasiya edilən məcburi bir sənəddir. Konvensiya uşaqların tərbiyəsi, inkişafı və uşaqların inkişafı üçün adekvat həyat səviyyəsinin hər iki valideynlərin ümumi məsuliyyəti olduğunu bəyan edir. Konvensiyada uşaqların bu cür təhsillə təmin edilməsində əsas məsuliyyətin onların valideynlərinin üzərinə düşdüyünü bildirir. Uşaqlara alimentin tətbiqi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının digər sənədləri və qərarları arasında BMT-nin himayəsi altında yaradılan və BMT-yə üzv olan 64 dövlət tərəfindən ratifikasiya edilən 1956-cı il Nyu-York Konvensiyası da daxildir.

Bundan əlavə, uşaq dəstəyi hüququ, eləcə də konkret icra və icra tədbirləri müxtəlif digər beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası, Avropa İttifaqı və Haaqa Konfransı tərəfindən də tanınıb. Uşaqlara dəstək qanunları və öhdəlikləri Avropa, Şimali Amerika və Avstraliya ölkələrinin əksəriyyəti, eləcə də Afrika, Asiya və Cənubi Amerikanın bir çox ölkələri də daxil olmaqla, dünya ölkələrinin böyük əksəriyyətində qəbul edilib.

İsveçdə işsiz və yetərli maddi imkanı olmayanların alimentini dövlət ödəyir

Uşaqların maddi ehtiyaclarını qarşılamaq valideynlərin məsuliyyətində olsa da, dünyanın inkişaf etmiş  ölkələri uşaqların sağlam böyümə, təhsil və sağlamlılıq hüququnun təmin olunmasını əsas götürərək milli qanunvericiliklərinə fərqli normalar gətirib. Aliment ödənilməsi ilə bağlı hazırda dünyada tətbiq edilən ən ədalətli yanaşmalardan birini İsveç sərgiləyir.

Açıq mənbələrdən əldə etdiyimiz məlumata görə, İsveçdə övladı ilə yaşamayan valideyn aliment ödəməlidir. Valideynlərin uşaqlarına dəstək olmağa borclu olduğunu nəzərə alınaraq aliment məbləğini uşağın iqtisadi ehtiyacı və hər iki valideynin iqtisadi vəziyyətini nəzərə alınmaqla, valideynlər tərəfindən razılaşdırılmaqla müəyyən olunur. Bu, müqavilə və ya sadəcə razılaşma şəklində ola bilər. Birgə qəyyumluqda uşağın hər bir valideynlə birlikdə yaşadığı zamanın təxminən yarısı uşaq dəstəyinin ödənilməsinə ehtiyac yoxdur. Razılaşdırılmış aliment məbləği isə hər il inflyasiyaya uyğunlaşdırılır.

Uşağın 18 yaşı tamam olana qədər ödənilməli olan bu dəstək uşağa aid olsa da, valideynə ödənilir. Hələ orta məktəbdə oxuyan və ya ona bərabər tutulan uşaq üçün yardım uşağın 21 yaşına qədər uzadıla bilər. Amma bu vəsait 18 yaşından sonra birbaşa uşaqların özlərinə verilir.

Əgər alimenti ödəməli olan valideyn bu vəsaiti ödəmirsə (və ya vaxtında ödəməzsə), o zaman İsveçdə sosial sığortanı idarə edən dövlət qurumu olan İsveç Sosial Sığorta Agentliyindən uşaqlara maddi dəstək göstərilir. Hökumət bu dəstəyi bir valideynin ayda 1273 SEK-dən  - 140 dollardan az aliment ödədiyi və başqa yolla ekvivalent dəstəyi təmin etmədiyi hallarda da göstərir. Uşaqla yaşamayan valideyn, gəliri imkan verdiyi zaman onun uşaqlarına ödənilən məbləği geri qaytarmalı və dövlətə borcun faizini ödəməlidir.

İsraildə aliment öhdəliyi olan şəxs ölkəni tərk edə bilməz

İsrail də aliment ödənilməsi ilə bağlı maraqlı yanaşma sərgiləyir. Belə ki, İsraildə az tanınan bir qanun, boşanmış İsrail vətəndaşlarına və xarici vətəndaşlara, övladları üçün 18 yaşına qədər olan alimenti əvvəlcədən ödəyənə qədər məhkəmənin çıxardığı ölkədən çıxmamaq qərarı ilə ölkədə saxlanılmasına icazə verir. Həmçinin, hər ödənilməyən aylıq aliment ödənişnə görə borclu şəxs 21 gün müddətinə həbsə alına bilər. Bundan başqa aliment borcunu ödəmək üçün həmin şəxslərin gəlirlərinin 100 faizi və ya daha çoxu tutula bilər.

Yeni Zelandiya başqa ölkədə yaşayan vətəndaşından da aliment borcunu yığa bilir

Yeni Zelandiyada uşaq dəstəyinin alınması, toplanması və yenidən bölüşdürülməsini Daxili Gəlirlərin Uşaq Dəstəyi şöbəsi idarə edir. Məsul valideynlər öhdəliyin gəliri və ailə şəraiti əsasında ödəniş öhdəliyini müəyyən edən formula qiymətləndirmə sxemindən istifadə etməklə qiymətləndirilir. Öhdəlikdən kənaraçıxma hallarına yaranmış çətinlik, maliyyə aktivləri, xüsusi ehtiyaclar və ya valideyn razılaşmaları kimi xüsusi hallarda icazə verilir. Valideyndən minimum aliment tələb olunur və ödənilməsi məcburidir. Ödəmə qabiliyyətindən asılı olmayaraq, məhbuslar və uzun müddətli xəstəxana xəstələri istisnalar üçün müraciət edə bilərlər. Uşaq dəstəyi üçün müraciət uşağa baxmağa məsul olan hər hansı şəxs tərəfindən verilə bilər, lakin yalnız valideyn özü və uşaqları üçün müavinət aldıqda tələb olunur. Uşaqlar 18 yaşına çatmamış və baxıcının himayəsində olduqda uşaq dəstəyi almaq hüququna malikdirlər.

2000-ci ilin iyul ayından etibarən Yeni Zelandiya və Avstraliya uşaq dəstəyinə dair qarşılıqlı razılaşmaya malikdirlər. Qeyri-qəyyum valideyn Avstraliyada yaşayırsa, Avstraliyanın Uşaqlara Dəstək Agentliyi uşaq dəstəyini toplaya və Yeni Zelandiyanın Daxili Gəlir Uşaq Dəstəyi adından borc yığa bilər. Bu öhdəliyi hər iki ölkə qarşılıqlı olaraq icra edir.

Avstraliyada isə Uşaqlara Dəstək Agentliyi uşaq dəstəyini hər bir valideynin gəlirinə əsasən hesablayır. Bu zaman uşaqların ay ərzində hansı valideynin yanında neçə gün yaşadığı nəzərə alınır.

ABŞ-da aliment ödənişindən imtina ödəyici üçün mülki və ya cinayət məsuliyyəti yaradır

Amerika Birləşmiş Ştatlarında uşaq dəstəyi, qohumluq əlaqələrinin və ya ailə üzvlərinin uşaqlarına maliyyə baxımı və dəstəyi üçün ("borclu" və ya ödəniş edən valideyn) xitam verilmiş və ya nikah olmadan birgə yaşayan şəxslər  tərəfindən birbaşa və ya dolayı yolla həyata keçirilən ödəniş üçün davamlı öhdəlikdir. ABŞ-da uşaq dəstəyi üçün gender tələbi yoxdur. Alimenti ata anaya və ya ana ataya, o cümlədən qəyyum olmayan valideyn himayəçi valideynə və ya qəyyum valideyn himayəçi olmayan valideynə uşaq dəstəyi ödəyə bilər.

ABŞ-da federal səviyyədə uşaq dəstəyinin tətbiqi Səhiyyə və İnsan Xidmətləri Departamentində Uşaqlar və Ailələr üçün İdarənin məsuliyyətidir. Federal qanunvericiliyin (Sosial Təminat Aktının IV-D adı) və ştatların federal maliyyə almaq istədikləri təqdirdə fəaliyyət göstərməli olduğu tənzimləmə çərçivəsi var. Dövlət, həmçinin atalığın müəyyən edilməsi və ya uşaq dəstəyi haqqında sərəncamların yaradılması və ya dəyişdirilməsi üçün əlavə maliyyə “həvəsləndirici” ödənişlər ala bilər.

Hər bir ştat federal tələblərə cavab verən uşaq dəstəyinin tətbiqi proqramının, o cümlədən uşaq dəstəyinin hesablanması üçün Təlimat metodunun hazırlanmasına cavabdehdir. Əksər ştatlarda uşaq dəstəyinin “standart hesablamasını” müəyyən etmək üçün yerli məhkəmələr və dövlət Uşaq Dəstəyi İcra İdarələri tərəfindən istifadə edilən öz “Uşaq Dəstəyi Təlimatları İş Vərəqi” vardır. Məhkəmələr müəyyən hallarda bu standart hesablamadan kənara çıxa bilər. Ölkədə illik ödənilən aliment isə təxminən 25  milyard ABŞ dollarına yaxındır.

ABŞ-da aliment ödənişindən imtina etmək ödəyici üçün mülki və ya cinayət məsuliyyətinə səbəb ola bilər.

Rusiyada yol polisi də ödənilməyən alimentlə bağlı xəbərdarlıq edir

Rusiyada xüsusi informasiya bazası yaradılıb ki, aliment ödəyicilərinin adları ora daxil edilib. Bu informasiya polisdə, yol polisində, sərhəd-keçid məntəqələrində də var. Kişi sürücü yol-hərəkət qaydalarını pozubsa, haqqındakı məlumat bazasına daxil edilir və əgər o, aliment ödəyicisidirsə və alimenti ödəməyibsə, yol polisi bununla bağlı ona xəbərdarlıq edir. Alimentlə bağlı məhkəmə qərarını icra etməyənlərə ölkədən çıxmaq da qadağandır.

Türkiyədə də aliment ödəməyənlərlə sərt davranılır. Buna görə konkret həbs cəzası nəzərdə tutulub və 10 gün müddətində aliment ödənmirsə,  borclunun əmlakı müsadirə oluna bilər.

Türkiyədə “İcra və iflas haqqında” qanunun 344-cü maddəsinə görə, aliment borcu yerinə yetirilmədiyi təqdirdə borclu qarşı tərəfin şikayəti əsasında üç ayadək müddətə azadlıqdan məhrum edilə bilər. Qərar həbs cəzası icra edildikdən sonra icra olunarsa, borclu azadlığa buraxılır.

Bundan başqa qonşu ölkənin Ədliyyə Nazirliyinin üzərində işlədiyi tənzimləmədə alimentin nikah müddəti ilə məhdudlaşdırılması və bu müddətin sonunda aliment almaq hüququ olan həyat yoldaşının iş tapa bilməməsi və ya gəliri olmaması düsturu diqqət mərkəzindədir.

Göründüyü kimi əksər demokratik ölkələr aliment məsələsinə yanaşmada uşaqların sağlam böyüməsini əsas diqqət mərkəzində saxlayır. Aliment ödənilməsi uşaqların böyüməsi üçün vacibdir. Həmin vəsaiti kimin ödəməsi isə uşaqlar üçün çox da vacib deyil.

Emin Nəbili

Bu yazı Şəffalıq Naminə Vətəndaş Cəmiyyəti  (ECSOFT) layihəsi çərçivəsində hazırlanıb.  ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)  və Beynəlxalq Ailə Sağlamlığı (FHİ360) Təşkilatı tərəfindən dəstəklənən ECSOFT layihəsinin inkişaf məqsədlərindən biri vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Azərbaycan hökumətinin vətəndaş maraqlarının təşviqində əsas rol oynamasına  töhfə verməkdir.

Xəbər xətti