Çingiz Qənizadə: “Yolu bağlayan sürücülərin üzr istəməsi ...”

12:29 - 20 Fevral 2022 - ÖLKƏ İÇİ

“Bakıda böyük tıxaca səbəb olan sürücülərin vətəndaşlardan üzr istəməsi yetərli deyil”

Ucnoqta.az xəbər verir ki, bunu Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə paytaxtda etiraz məqsədilə yolu bağlayan TIR sürücülərinin saxlanılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Bakının mərkəzi küçələrindən birində yük maşınları ilə qəsdən yolu bağlamaq və 3-4 saatlıq tıxac yaratmaq məsuliyyətə cəlb olunmağa səbəbdir: “Bu, əslində həm də cinayət təqibinə əsas verən məsələdir. Çünki Cinayət Məcəlləsində ictimai qaydaların pozulmasına səbəb olan hərəkətləri təşkil etmək və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə məsuliyyət halları müəyyən olunub. Nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasından söhbət gedirsə, 3-4 saat ərzində Bakı şəhərində həmin istiqamətdə yüzlərlə yox, bəlkə də, minlərlə nəqliyyat vasitəsinin normal fəaliyyəti pozulub. Həmin şəxslər nə etdiklərini bilirdilər.

Deyilənə görə, əvvəllər bir dəfə də belə hal olub, lakin cəzasız qalıblar”.

Ç.Qənizadə TIR sürücülərini müdafiə edənlərə səslənərək deyib: “Həmin şəxslərin müdafiəsinə qalxanlara üzümü tutub deyirəm ki, bəs, yüzlərlə, bəlkə də, daha çox insanın - avtomobil sahiblərinin, işə gedənlərin, xəstəxanaya gedənlərin heç bir əsas olmadan fəaliyyətinə maneəçilik törətməyin adı nədir? Bəs, bu insanların hüquqlarını kim müdafiə etməlidir? 2-3 nəfərin ağlına gələn hərəkətə görə, nəqliyyatın iflic olması nəticəsində maşında problem yaşayan sərnişinlərin günahları nədir? Bu, başa düşülən deyil, mən bu əməlləri edəcəm, sonra da çıxıb üzr istəyəcəm və növbəti dəfəki hərəkətlərim barədə düşünəcəm ki, nə etsəm yenə üzr istəyərəm. Belə olmaz”.

Hüquq müdafiəçisi bildirib ki, əgər sürücülərin hüquqları pozulmuşdusa, onlar hüquq-mühafizə orqanlarına müraciət edə bilərdilər: “Bunu edə bilərdilər. Təəssüf ki, bu gün onların vəziyyətindən istifadə edərək ortaya düşən qüvvələr yalanları xalqa sırıyırlar. Bax, onlara da müraciət edə bilərdilər. Onlara üzümü tutub deyirəm, minlərlə nəqliyyat sahibinin günahı nə idi ki, onlar bu hərəkəti edirdilər. Hesab edirəm ki, bu cür yanaşmalar düzgün deyil. Məsələyə “mən etdim, sonra çıxdım üzr istədim və bitdi”, - deyə yanaşmaq düzgün deyil”.

Ç.Qənizadə onu da qeyd edib ki, TIR sürücülərinin şikayətləri araşdırılmalıdır: “Araşdırmaq lazımdır ki, onları kim buna vadar edib. Kimsə onların hüquqlarını pozubsa, həmin şəxslər cəzalandırılmalıdır. Bu inzibati və ya başqa cəza ola bilər. Mən bunu deyə bilmərəm. Lakin saatlarla yolda zülm çəkən, işə gecikən, əməliyyata gedən həkimlərimizi də başa düşməliyik. Burada hansısa məsuliyyətdən söhbət getməlidir. Yəqin ki, hüquq-mühafizə orqanları və digər dövlət orqanları bu məsələni araşdırır. Hansı formada cəza tətbiq olunacaq, bunu görəcəyik. Mən bəri başdan bu cür hərəkətlərin yolverilməz olduğunu deyirəm. Eyni zamanda onları bu hərəkətə vadar edən məmurlar varsa, onlar da tapılıb cəzalandırılmalıdır. Onu da qeyd edim ki, bəzi qüvvələr sürücülərin durumundan istifadə edərək prosesi siyasiləşdirməyə çalışırlar. Bu sırf qanun pozuntusudur və hüquq məsələsidir. Qanun pozuntusuna səbəb olanlar üzə çıxarılmalı və onların cəza məsələləri müzakirə olunmalıdır”.

Xatırladaq ki, bir neçə gün əvvəl TIR sürücülərinin paytaxtın Heydər Əliyev prospektində yolu bağlaması ilə əlaqədar cinayət işi açılıb. Bakıda böyük tıxaca səbəb olan sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Xəbər xətti