"Yüksəliş" müsabiqəsində mükafat məbləği artırılmayacaq

12:29 - 17 Fevral 2022 - Cəmiyyət

İkinci "Yüksəliş" müsabiqəsinə qeydiyyat martın 31-də bitəcək.

Ucnoqta.az xəbər verir ki, bunu "Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, hesablamalara görə, 10 mindən artıq müraciət olacaq:

"Bölgələrdə də təqdimatımız olacaq. Regionlarda da müsabiqəyə marağı olan şəxslərlə görüş keçiriləcək. Pandemiya imkan versə, avqusta qədər müsabiqəni bitirmək istəyirik" - o deyib.

F. Hacıyev eyni zamanda qaliblərə veriləcək vəsaitin məbləğinin artırılması məsələsinə də münasibət bildirib. O deyib ki, mükafat məbləğinin hələ ki, artırılması nəzərdə tutulmur:

"Verilən məbləğ az deyil. Bu, qaliblərə fərdi inkişafları üçün, xaricdə təhsil imkanları üçün imkan yaradır".

İşçi Qrupun rəhbəri deyib ki, qaliblərdən və ekspert qismində iştirak edənlərlərdən başqa ötən müsabiqədə iştirak edən hər kəs ikinci müsabiqəə üçün də qeydiyyatdan keçə bilər:

"İkinci müsabiqədə əlavə olaraq informasiya texnologiyaları üzrə də bilikləri yoxlayacağıq. Həmçinin beynəlxalq təcrübədən də suallar daxil ediləcək. Bu sahədə hələ ki, sual bazası formalaşdırılmayıb. Bu istiqamətdə DİM-lə əməkdaşlıq davam etdirilir" - deyə o qeyd edib.

Xəbər xətti