01 fevral- 2022-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması”layihəsinə start verilib.
Azərbaycan özəl və dövlət sektorunda fəaliyyət göstərən səhiyyə müəssisələrində xüsusilə təhlükəli tullantıların idarə olunmasına lazımi diqqətin yetirilməməsi nəticəsində ətraf mühitə və insan sağlamlığına təsir edən faktorların həm həcmi, həm də miqdarı çoxalmışdır. Göstərilən çatışmazlığın aradan qaldırılması və bu sahədə əməli fəaliyyətə başlamaq üçün Dövlət Strategiyası işlənib hazırlanmışdır. Dövlət Strategiyasının məqsədi gələcəkdə təhlükəli tullantıların idarə olunması üzrə qərarların qəbul olunmasının əsaslarının yaradılması, beynəlxalq standartlara uyğun olaraq təhlükəli tullantıların əmələ gəlməsi, emalı və basdırılması və ilk növbədə, illər boyu yığılıb qalmış təhlükəli tullantıların yaratdığı ekoloji riskin azaldılmasına zəmanət verən tədbirlər sisteminin hazırlanması üçün vacib olan fəaliyyətin həyata keçirilməsidir.
Bu məqsədlə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması prosesinin monitorinqini aparılacaq.Aparılan monitorinqlərin nəticələrinə uygun olaraq hesabat sənədi hazırlanaraq dövlət orqanlarına,Parlamentə,Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq qurumlara, KİV və İctimaiyyətə təqdim olunacaq.
Eyni zamanda Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması, bu sahədə yerli və beynəlxalq qanunlar və konvensiyalar mövzusunda təlimlərin keçirilməsi.
Təlimlər və monitorinqlər Beyləqan, İmişli, Saatlı və Şirvan rayonlarında aparılacaqdır.