Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib
19:39 - 16 Fevral 2022 - ÖLKƏ İÇİ
Zaqatala Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qayda və tələblərə riayət olunmasının təmini məqsədilə şəhər ərazisində birgə nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı COVID-19 pasportu tələb edilən ictimai iaşə obyektlərində, kafe və restoranlarda müştərilərin, eləcə də xidmət personalının peyvənd sertifikatları yoxlanılıb. İkinci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatının fevralın 15-dən qüvvədən düşdüyü diqqətə çatdırılıb. Bu səbəbdən onların qeyd edilən məkanlara yalnız qüvvədə olan vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaqları izah olunub.
Həmçinin, mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar müəyyən edilib, onların barəsində inzibati qaydada tədbir görülüb.