Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.
Prosesə sədrlik etməli olan hakim Rauf Daşdəmirovun xəstə olduğu bildirilib.
Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edəki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Onu da qeyd edək ki, iddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə həbs edilib.