"Azərbaycanda COVİD-19 (Omikron) virusuna yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Əslində, "Omikron" virusunun yoluxma tezliyini nəzərə alsaq bu gözlənilən idi. Yenidən iqtisadi sektorda qapanmalar ola bilərmi? “Lock-down” tədbirlərinə ehtiyac varmı?"
Ucnoqta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur: "Dünən Rusiyada 141 min 883, Türkiyədə 110 min 682, Gürcüstanda 26 min 320 virusa yoluxub. ABŞ və Fransada isə gündəlik yoluxma sayı 300 mindən çoxdur. Bütövlükdə, dünən dünyada 3 milyondan çox insanda virus aşkar olunub. Göründüyü kimi, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədədir. Buna rəğmən, artıq bir sıra ölkələr karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər. Bu isə ondan xəbər verir ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar".
Vüqar Bayramov qeyd edir ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: ""Omikron" virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir. Bu baxımdan, sərt karantın tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur".