İşğaldan azad olunan ərazilərə səfər edənlər üçün bu qadağa LƏĞV OLUNDU

12:25 - 31 Yanvar 2022 - ÖLKƏ İÇİ

Yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Bu barədə Ucnoqta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində də dəyişiklik edilib.

Xəbər xətti