Bu şəxs obyektlərdən qanunsuz pul yığır - VİDEO

14:56 - 24 Yanvar 2022 - Cəmiyyət

Bakı şəhəri Səbail rayonu ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərsu” Açıq  Səhmdar Cəmiyyəti məlumat yayıb.
Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən, “Azərsu” ASC-yə məxsus geyimdə olan həmin şəxs M.Hüseyn küçəsindəki geyim mağazasında su sayğacının düzgün quraşdırılmadığını obyekt sahibinə bildirib. Və sayğacın yuyulub təmizlənməsi və düzgün quraşdırılmasına görə 80 manat tələb edərək həmin məbləği obyekt sahibindən alıb.

Həmin şəxslə təkrar əlaqə yaratmaq istədikdə isə onun təqdim etdiyi telefon nömrəsinin işləmədiyi məlum olub. Bundan sonra obyekt sahibi məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail rayon sukanal idarəsinə müraciət edib.

Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” ASC əməkdaşlarından vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə və yerli sukanal idarələrinə məlumat versinlər.

Qurum abonentlərdən xahiş edir ki, içməli və tullantı su xidmətlərindən istifadəyə, qeyri-əhali abonentləri texniki şərtə və sayğacların quraşdırılmasına görə ödəmələri azersu.az saytı, e-su.az portalı, bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

Xəbər xətti