“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində bu gündən Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır.
Ağdama getmək istəyənlər üçün biletlər satışdadır. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur.
Bilet satışı real rejimdə həyata keçirildiyi üçün statistika dəyişir. Ehtiyac olarsa prosesin gedişində avtobusların və satışa çıxarılacaq biletlərin sayı artırıla bilər.
Səfər bir gün ərzində həyata keçiriləcək və gedənlər təyin olunmuş vaxtda geri qayıtmalıdırlar.
Avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər.
Ağdama səfərlər şəhər mərkəzi daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə təşkil olunur. Səfərlər xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında keçirilir.