Noyabrın 29-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb.
Proqramın açılış mərasimində çıxış edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, “İxtisasartırma proqramları 2007-2021-ci illəri əhatə edən müddət ərzində 6000-dək diplomat və müxtəlif dövlət qurumlarımı təmsil edən peşəkarlar üçün təlim proqramları və seminarlar təşkil edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, media sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin, istifadəçilərin media savadlılığının artırılmasıdır.
Qeyd olunub ki, seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Sonra ADA Universitetinin Proqram administratoru Sona Əliyeva isə iştirakçıları proqram qaydaları ilə tanış edib.
Silsilə seminarların ilk günündə ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva “Müasir media mühitinə baxış”, “Jurnalist missiyası” mövzularında çıxış edib. Qeyd edək ki, “Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən silsilə seminarlarda Media İnkişafı Agentliyinin “MEDİA Konüllüləri” proqramının fəalları arasından seçilən 17 namizəd müasir media mühiti, jurnalist dəyərləri, peşə etikası və davranış qaydaları, o cümlədən Azərbaycana dair fundamental mövzular üzrə nəzəri biliklər əldə edəcəklər.