Şamaxıdakı zəlzələlərdən sonra afterşoklar davam edir
01:15 - 21 Noyabr 2021 - ÖLKƏ İÇİ
Noyabrın 20-də Şamaxıda baş verən əsas təkanlardan sonra bir neçə afterşok qeydə alınıb. Həmin afterşoklar zəif təkanlardır və hissedilən deyil. Onlar arasında maqnitudası 2-2.5 və ondan aşağı olanlar da var. Hazırda afterşoklar davam edir. Nə qədər davam edəcəyi zəlzələ ocağının vəziyyətindən asılıdır. Şamaxıda qeydə alınan zəlzələlər orta güclü zəlzələlər olduğundan onlardan sonra afterşokların davam etməsi təbii haldır.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
V.Rafiqqızı bildirib ki, hazırda RSXM-nin zəlzələlərin tədqiqatı bürosunun əməkdaşları tərəfindən proses izlənilməkdə davam edir.
Qeyd edək ki, noyabrın 20-də Şamaxı rayonunda maqnitudası 5.1 və 4.5 olan iki zəlzələ qeydə alınıb.