26 yaşlı məşhur müğənni Marilia Mendonça təyyarənin qəzaya uğraması nəticəsində ölüb.
Ucnoqta.az xəbər verir ki, Mendonçanı aparan təyyarənin Minas Gerais əyalətinin cənub-şərqindəki Piedade de Caratinga çölündə qəzaya uğraması və hadisə zamanı onun həlak olması rəsmi şəkildə təsdiq edilib.
Qəzada Mendonçadan başqa prodüser Henrique Ribeiro, Mendonçanın dayısı və məsləhətçisi Abicieli Silveira Dias Filho, təyyarənin pilotu və ikinci pilotu həlak olub. Bildirilir ki, məşhur müğənni proqram təşkil etmək üçün Qoyaniyadan Minas Gerais əyalətinin Karatinga şəhərinə yollanırmış. Mendonça və onu müşayiət edən şəxsləri daşıyan “PEC Taxi Aereo” şirkətinə məxsus, 6 nəfərlik təyyarə kimi istifadə edilən iki mühərrikli “Beech Aircraft King Air C90A” model təyyarəsinin qəzaya uğramasının səbəbi hələlik müəyyən edilməyib.
Braziliya Hərbi Hava Qüvvələrinə bağlı Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (Cenipa) Mendonçanın ölümünə səbəb olan qəzanın ciddi şəkildə araşdırılacağını açıqlayıb.
Braziliyada kifayət qədər məşhur olan Mendonça 22 iyun 1995-ci ildə anadan olub. Onun gələn ay iki yaşı olacaq bir oğlu da var. Mendonça Braziliyada ən çox dinlənən müğənnilər sırasında olub. Mendonça "Patroas" albomu ilə 18 noyabrda Las Veqasda təqdim olunacaq “Latin Grammy” mükafatına "sertanejo üslubunda ən yaxşı albom" kateqoriyasında namizəd olub.
Müğənninin vəfatı ilə bağlı Braziliya prezidenti Bolsonaro, “Bütün ölkə hər kəsin sevgisini və heyranlığını qazanan gənc müğənnimiz Marilia Mendonçanın ölüm xəbəri ilə şokdadır. Biz ən yaxın bir kimsəmizi itirmiş kimi hiss edirik", – deyə açıqlama verib.
Məşhur braziliyalı futbolçu Neymar da "Twitter" hesabında "İnanmaq istəmirəm. Əbədi fanatınız olacağam. Məkanın cənnət olsun", - deyə kədərləndiyini bildirib. Neymar daha sonra İnstagram hesabında həlak olan müğənni ilə videosunu da paylaşıb. (Müsavat.com