Mahir Emreli iclasa yatıb qalması haqda danışdı

20:23 - 26 Oktyabr 2021 - İDMAN

“Hər şey Azərbaycan millisinin Serbiya ilə oyunu ərəfəsində, ilk koronavirus testim müsbət nəticə verəndə başladı. Bundan sonra daha bir neçə dəfə testdən keçdim, bu da mənfi nəticə göstərdi. Başa düşürəm ki, testlərdən birində burnum zədələnib. Varşavaya qayıtdıqdan sonra artıq qan tüpürdüm və dərhal klub həkiminə bildirdim. Testlər apardılar, amma bütün gecə burumdan qan gəldi. Sadəcə, düzgün yata bilmədim və sonda zəngli saatı eşitmədim. İnkar etməyəcəyəm, çox yatmışam və görüşə gecikmişəm”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Mahir Emreli deyib. "Legiya"nın üzvü "Lex" ilə oyundan öncəki iclasa gecikməsi haqda danışıb. O, səhvini boynuna alıb:
“Həqiqətən yaxşı bir səbəbə baxmayaraq, bunun arxasında gizlənmədim, məşqçinin yanına getdim, vəziyyəti izah etdim və üzr istədim. Onu başa düşürəm, futbolçunun görüşə gecikməsi heç bir məşqçinin xoşuna gəlmir. Təbii ki, klubdaxili qaydalara görə, məni cərimələdilər və mövzu bağlandı”.

24 yaşlı forvard oyundan sonra baş məşqçinin əlini sıxmamasına da münasibət bildirib:
“Bu, məşqçiyə qarşı yönəlməyib. Bütün bunlar sırf emosiyalardı. Oyuna görə əsəbiləşdim. Bizim üçün çox vacib matç idi. Hazırda baş verən hadisələrə görə görüşə lazımi şəkildə hazırlaşa bilmədim, bu da oyuna təsir etdi. Üstəlik, qol vurmaq üçün yaxşı şansı əldən verdim. Hər şey yığıldı və əvəzetmə zamanı artıq çox sıxıldı. Onunla sonradan danışdıq, məni başa düşdü və aramızda heç bir problem olmadığını dedi”.

Emreli spirtli içki qəbul etməsi ilə bağlı isə bunları deyib:
“Bu, müsəlman dindarların spirtli içki içmədiyini bilməyən Polşa mətbuatının ixtirasıdı. Bu mövzunun üzərində dayanmaq belə istəmirəm. Hamı bilir ki, mən içmirəm və heç vaxt içmərəm. Axşamlar mümkün qədər şam yeməyinə gedə bilərəm və buna görə də nadir hallarda evdən çıxıram”.///ofsideplus

Xəbər xətti