"İşğal dövründə bu abidələrin 95%-i dağıdılıb" - Mədəniyyət naziri

18:11 - 14 Oktyabr 2021 - Mədəniyyət

“Ermənistanın işğalı dövründə Qarabağ və ətraf ərazilərdə azərbaycanlılara aid tarixi və mədəni abidələrin 95%-i dağıdılıb”.

Ucnoqta.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, işğal dönəmində bölgədəki resurslar, tarixi və mədəniyyət abidələri, hətta qəbiristanlıqlar böyük dağıntılara məruz qalıb: “Bu müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə” siyasəti ilə yanaşı, mədəni təmizləmə siyasəti də 30 il davam edib. Onların məqsədləri bəlli idi. Onlar yüz illərdir orada yaşayan azərbaycanlıların izlərini silmək istəyirdilər. Bunu Azərbaycana aid tarixi və mədəniyyət abidələrini sistemli şəkildə dağıdaraq edirdilər. İşğal altında olan ərazilərdə qeydiyyata alınmış 706 tarixi və mədəni abidə olub. İşğal dövründə bu abidələrin 95%-i dağıdılıb”.

A. Kərimov ermənilərin məscidlərə qarşı münasibətinə də toxunub: “Yaşayış yerlərini dağıtsalar da, bəzi məscidləri saxlayıblar. Orada donuz saxlayıblar. Bunu Azərbaycan xalqının dini inancını təhqir etmək məqsədli şəkildə ediblər. Biz bunu, sadəcə, Azərbaycana qarşı deyil, bütövlükdə İslam dünyasına edilmiş təhqir kimi görürük”.

Xəbər xətti