İsmayıllıda dilənçi qadın evdən qızıl və pul oğurlayıb - Foto

10:44 - 28 Sentyabr 2021 - HADİSƏ

İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Qurbanəfəndi kəndində yerləşən evlərin birindən 2000 manat pul və 2240 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, dilənçiliklə məşğul olan Sahibə Mahmudova saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin avqustun 28-i günorta saatlarında evdə heç kimin olmamasından və qapının açıq olmasından istifadə edərək həmin ünvana daxil olduğu, niyyətini həyata keçirdikdən sonra isə oradan uzaqlaşdığı məlum olub.

Saxlanılan şəxs ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Mahmudovanın digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Xəbər xətti