“Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub”.
Ucnoqta.az xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O, bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həyat söndü.
“Sonra o vaxtlar da bitdi, ölkə dirçəlməyə başladı, neft pulları axdı, mədəniəyətə yaxşı vəsaitlər ayrıldı, amma teatrlara keçmiş maraq qayıtmadı. Bunun bir çox səbəbləri var, həm subyektiv, həm obyektiv.
Mədəniyət sistemində korrupsiya ona gətirib çıxardı ki, teatrların təmirinə, xarici görüşünə daha çox önəm verildi, nəinki incəsənətə.
Fəxri adlar alveri, savaşlar, hərcmərclik, intriqalar, düzgün təbliğatın olmamağı, nəticədə Moskvada teatra düşmək üçün növbələrə düzülürdülər, bizdə biletləri zorla paylayırdılar.
Amma bu uzun söhbətdir, məqsədim o deyil, mən Operativ Qərargahı teatrların və kinoteatrların açılmasına çağırıram.
Əlbəttə, teatrlar açılan kimi oraya tamaşaçı axını olmayacaq, dediyim kimi, heç açıq vaxtlarında da böyük maraq yox idi. Amma unutmayaq ki, bu qərarın çox mühüm əhəmiyəti olacaq, çox mühüm!
Ticarət mərkəzlərini açıb teatrları bağlı saxlamaq bizim yalnız imicimizə deyil, mədəniyətimizə, mənəviyatımıza, mənliyimizə zərbə vurur. İllərdi bizə deyirdilər ki, "Azərbaycanlılar yalnız alveri bacarırlar, döyüşcü deyillər".
Elə edək ki, indi "Bunlar ancaq vuruşmağı bacarırlar, mədəniyətdən uzağdırlar" sözlərini deməsinlər ünvanımıza. Xulasə, əgər incəsənət xadimləri bu məsələ ilə bağlı bir petisiya hazırlasalar, məni imza atmış hesab edə bilərsiniz”.