"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir.
Ucnoqta.az xəbər verir ki, Olimpiadanın 12-ci günündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.
Belə ki, bu gün 3 güləşçimiz gücünü sınayacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın təmsilçimiz Elis Manolova (68 kq) təsəlliverici görüşə çıxacaqlar.
R.Hüseynov Tunis idmançısı Lamjed Maafi, E.Manolova isə qırğızıstanlı Mirim Jumanazarova ilə qarşılaşacaq.
Digər yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) Olimpiadada ilk görüşünü keçirəcək. İdmançımız kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.
Bundan əlavə, üç təkanla tullanma yarışlarında ölkəmizi Nazim Babayev təmsil edəcək. Atletimiz A qrupunda mübarizə aparacaq. Qrupda N.Babayev ilə yanaşı, daha 15 atlet finala vəsiqə qazanmaq üçün yarışacaq.
Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.