“Milli-mənəvi dəyərlərimizin, dövlətçilik maraqlarımızın qorunmasında müstəsna yeri və rolu olan Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Azərbaycan xalqının 1918-ci ildə dövlət müstəqilliyinə nail olması ilə milli mətbuatımızın da inkişafında yeni mərhələ başlandı. Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlər üzərində bərqərar olduğu üçün mətbuat da azad idi. Cümhuriyyətin ömrünün qısa olmasına baxmayaraq, həmin dövrdə milli mətbuatımız öz fəaliyyəti ilə müstəqilliyə layiqli töhfələr verdi, mədəni və mənəvi dəyərlərin inkişafına, milli şüurun formalaşmasına böyük xidmət göstərdi.”
Bu fikirləri Ucnoqta.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Deputat bildirib ki, Azərbaycan mətbuatının zəngin və şərəfli yol keçərək hazırkı inkişaf səviyyəsinə çatması da təsadüfi xarakter daşımır. Müstəqillik dövründə milli mətbuatımızın tərəqqisi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə digər sahələrlə yanaşı, milli medianın da inkişafına xüsusi diqqət göstərib.
Onun rəhbərliyi ilə bu sahədə ardıcıl və səmərəli addımlar atılıb. KİV üzərində senzuranın aradan qaldırılması, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul edilməsi, KİV-in maddi-texniki şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm addımlar milli mətbuatımızın davamlı inkişafını təmin edən fundamental amillər olub. 2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev də söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır.
Azərbaycan milli mətbuatının yaranma tarixlərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. O cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata, onun təmsilçilərinə olan yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.”
A.Məmmədov qeyd edib ki, sevindirici haldır ki, Azərbaycan bu gün demokratik inkişafın əsas göstəricilərindən olan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Düşünürəm ki, qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
Deputat əlavə edib ki, xüsusilə vurğulamalıyıq ki, milli mətbuatımız 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər mühüm istiqamətlərdə şərəfli missiyasına sadiq qalaraq üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirdi. Düşmənə hərbi müstəvidə olduğu kimi, informasiya cəbhəsində də layiqli cavab verildi, erməni yalanları məharətlə ifşa olundu. Bu baxımdan əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan bundan sonra da dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.