"Facebook"un minlərlə əməkdaşı istifadəçilərin gizli məlumatlarından sui-istifadə edib

23:50 - 19 İyul 2021 - DİGƏR

  2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblərmiş. Onlardan 52 nəfəri işdən azad edilib. Belə ki, həmin işçilər istifadəçilərin məlumatlarından öz maraqlarında istifadə ediblər. Bu barədə məlumat “An Ugly Truth: Inside Facebook’s Battle for Domination” adlı kitabda əks olunub. Sözügedən kitab New York Times nəşriyyatının jurnalistləri olan Sheera Frenkel və Cecilia Kang tərəfindən yazılıb. Onlar bu kitabdakı məlumatları Facebook daxilindəki mənbələrinə istinadən təqdim ediblər. Məsələn, kitabda Facebook-un mühəndislərindən biri haqqında maraqlı məlumat qeyd edilib. Belə ki, həmin mühəndis istifadəçi məlumatlarından istifadə edərək öz sevgilisini Avropada istirahət zamanı tapıb.

    Digər Facebook işçisi isə bir qadınla görüşüb və həmin qadın görüşdən sonra onun mesajlarına cavab verməyib. Nəticədə həmin şəxs özəl məlumatlardan istifadə edərək qadının messencerdəki illərlə olan mesajlarını oxuya, silinmiş və gizli olan foto və yazılara baxa bilib. Qadının öz smartfonuna quraşdırmış olduğu Facebook tətbiqi vasitəsilə isə Facebook işçisi qadının yerləşdiyi yeri təyin edə bilib. Facebook öz işçilərinə istifadəçilərin özəl məlumatlarına keçid etmələri imkanını ona görə verib ki, o, mühəndislərin işlərini yavaşladan bürokratiyadan azad olmaq istəyib. Kiabın müəllifləri qeyd ediblər ki, istifadəçilərin özəl məlumatlarını əldə etmiş əməkdaşların çoxu kişi idi və onlar öz maraqlarına daxil olan qadınların hesablarını izləyirdilər.

  Müəlliflərin sözlərinə əsasən Mark Zuckerberg 2015-ci ildə bu problemdən xəbər tutmuşdu. Belə ki, şirkətin təhlükəsizliyi üzrə baş mütəxəssisi Alex Stamos öz hesabatında bu problemləri qeyd etmişdi və bildirmişdi ki, mühəndislər hər ay istifadəçi hesablarının konfidensial məlumatlarından sui-istifadə edirlər. Stamos öz növbəsində həmin məlumatları əldə edə bilən əməkdaşların sayını 5000-ə, şifrələr kimi daha konfidensial məlumatları əldə edə bilən əməkdaşların sayını isə 100-ə endirməyi təklif etmişdi. O həmçinin istifadəçilərin konfidensial məlumatlarını əldə etmək üçün rəsmi sorğu sisteminin işə salınmasını da təklif etmişdi. Lakin Facebook rəhbərliyi bu təklifi rədd etmişdi. Stamos 1 il ərzində bu problemin digər həll yolunu tapmalı idi. Facebook öz növbəsində qeyd edib ki, istifadəçilərin konfidensial məlumatlarından sui-istifadə etmiş əməkdaşlar işdən azad ediliblər. ///technote

Xəbər xətti