Kəlbəcərdə polis işçilərinin peşə bayramı qeyd edilib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, Kəlbəcər rayonunda keçirilən tədbirdə vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haqverdi Əkbərov qeyd edibki, əvvəlki peşə bayramlarından fərqli olaraq bu dəfə Kəlbəcər polisi peşə bayramını öz doğma torpağında xidmət başında qeyd edir. Bu isə biz kəlbəcərlilər üçün 2 qat sevinc olmaqla bərabər həm də daha çox məsuliyyət gətirir.
Belə ki, hazırda rayon ərazisində komendant rejimi tətbiq olunur və rejiminin tələblərinə nəzarəti polis əməkdaşları həyata keçirir. Ona görə də daha diqqətli olmalı, rayon ərazisinə xüsusi icazəli şəxslərin buraxılması təmin edilməli və eyni zamanda rayon daxilində təhlükəsizlik qaydalarına riayət edilməlidir. Daha sonra rəis Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə peşə bayramı münasibəti ilə təbrik məktubunu oxuyub.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.