Biləsuvar rayon Əsgərabad kəndində 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi şəhidi Kənan Yalçın oğlu Rüstəmlinin xatirə bulağının açılışı olub.
Ucnoqta.az xəbər verir ki, açılışda şəhidin yaxınları ilə yanaşı rayonun rəsmi şəxsləri də iştirak edib. Açılışda 44 günlük Vətən müharibəsi zamanı şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub.
Qeyd edək ki, Kənan Rüstəmli 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak edib. Kənan Rüstəmli 2020-ci il oktyabrın 31-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən əsgər Rüstəmli Kənan Yalçın oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.