26 İyun Silahlı Qüvvələr günü Neftçala rayonunda qeyd olunub - Foto

19:32 - 26 İyun 2021 - ÖLKƏ İÇİ

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 

Ucnoqta.az xəbər verir ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ağsaqqallar iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirib ki, Güclü ordu müstəqilliyin, inkişafın və sabitliyin təminatıdır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu amili dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. “Hər bir dövlətin müstəqilliyinin rəmzi və təminatçısı onun silahlı qüvvələridir”, - deyən Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında əsas baza olub. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzü ağ çıxa bildik. Məhz bu günki Zəfərin təməli, bax, o vaxt qoyulub”. Bu gün ölkə Prezidentinin Ümummilli Liderin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qarantı olan güclü ordumuz var.

“Ordu dövlətin əsas sütunu, hərbi xidmət isə Vətən qarşısında müqəddəs borcdur”, - deyən Mirhəsən Seyidov ümummilli liderimiz Heydər Əliyevin müdrik fikirləri ilə tamamlayıb: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Neftçala rayon şöbəsinin rəisi Tofik Mehdiyev, RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, İctimai şuranın sədri, şəhid Məlikov Mahmudun atası Məlikov Təhmasib, şəhid Camal İsmayılovun anası Filira İsmayılova, qazi Sənan Hacıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Emin Əliyev çıxış edərək bu gün qeyd olun 26 İyun Silahlı Qüvvələr gününü 44 günlük Vətən Müharibəsində dövlətimizin gücü və qələbəsi ilə yekunlaşandan  sonra ilk dəfə alnıaçıq, üzü ağ qeyd etdiyimizi vurğulanıb.

Tədbirin sonunda  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Vətən Müharibəsi zamanı şəhid olan şəhidlərimizin medalları onların ailə üzvlərinə təqdim olunub və Vətən Müharibəsi zamanı fərqlənən 66 hərbi qulluqçu Prezident İlham Əliyevin imzaladağı müvafiq Sərəncamlara əsasən 66 medalla təltif olunublar.


Xəbər xətti