Sabirabad sakini qaynı tərəfindən güllələnib.
Aralarında yaranan ailə münaqişəsi zəminində rayonun Yolçubəyli kənd sakini, 34 yaşlı Fuad Zaidov yeznəsi, Yolçubəyli kənd sakini, 50 yaşlı Mirqiyas Mirmövsümovu ov tüfəngi ilə güllələyib. Sonuncu Şirvan xəstəxanasına yerləşdirlib və əməliyyat edilib.
Rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Samux sakini isə həmyerlisini ehtiyatsızlıqdan güllələyib. Rayonun Ziyadlı kənd sakini, 32 yaşlı Taleh Məmmədov ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib. Araşdırmalarla məlum olub ki, Taleh Məmmədovu həmyerlisi, 38 yaşlı Vüsal Əliyev "İj " markalı silahla ayağından vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət almış şəxsin vəziyyəti normaldır. Hadisəni törədən şəxs Samux Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır.