“Qısa zamanda Paşinyan böyük sülh sazişinə imza atacaq” - Politoloq

18:07 - 21 İyun 2021 - SİYASƏT

Nikol Paşinyan yenindən Ermənistanın baş nazirdir. Birinci dəfə inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan bu dəfə seçki yolu ilə bu posta sahib çıxıb.

APA TV-nin məlumatına görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) son rəsmi məlumatına əsasən “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan eks-prezident Robert Köçəriyanın rəhbərlik etdiyi “Ermənistan” blokunu üstələyib.

Ermənistanda keçirilən seçkiləri dəyərləndirən Milli Məclisinin deputatı Hikmət Babaoğlu deyir ki, Paşinyanın yenidən baş nazir olacağı gözlənilən idi: “Azərbaycan üçün də bu seçkilərin nəticəsi maraq doğuran idi, çünki rəsmi Bakı əvvəlcədən bəyan etmişdi ki, revanşistlərlə, radikal qüvvələrlə əməkdaşlıq edilməyəcək. Görünən odur ki, yeni formalaşacaq hakimiyyət birinci 10 noyabr 2020-ci il bəyannaməsini imzalamış şəxsin, siyasətçinin rəhbərlik etdiyi partiyanın hökuməti olduğuna görə, bu istiqamətdə rasional addımlar atmaq imkanına sahibdir. Ermənistan siyasi sisteminə nəzər salsaq, görəcəyik ki, mövcud reallığı dərk edərək regionun bundan sonrakı gələcəyi ilə bağlı müsbət impulslar verən yeganə siyasi partiya Paşinyanın partiyası və ya elə Paşinyan özü idi”.

Deputat onu da əlavə edib ki, 10 noyabr sazişinə imza atan Paşinyanın hakimiyyətdə qalması sərhədlərin delmitasiyası və demarkasiyasına, Zəngəzur dəhlizinin açılmasına və digər məsələlərə təkan verəcək: “Yenidən Paşinyanın hakimiyyətə gəlməsi əslində köhnənin yenilənməsidir. 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Ermənistan siyasi sisteminə yeni bir reallıq gətirməyi bacardı. Bu isə həmin o reallığın köhnəlmiş və yenidən təkrarı demək idi. Mən düşünürəm ki, hadisələrin bu cür inkişafı regional inteqrasiya ilə bağlı, Ermənistan - Azərbaycan münasibətlərinin yaxşılaşdırılması ilə bağlı, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərlə bağlı və nəhayət Zəngəzur dəhlizinin açılması ilə bağlı hadisələri müsbət istiqamətdə proqnozlaşdırmaq üçün əsaslar verir”.

Politoloq Rufiz Qonaqov isə hesab edir ki, Paşinyanın seçkilərdə qalib gəlməsinin əsas səbəbi hazırkı Ermənistan cəmiyyətinin ikinci bir müharibəyə hazır olmamasıdır: “Ermənistan cəmiyyəti bu gün məğlubiyyətlə barışıb. Yəni baş nazir Paşinyan kapitulyasiyaya imza atmış və ordusu darmadağın edilmiş, 44 günlük müharibədə məğlub olmuş bir ölkənin baş naziridir. Belə bir baş nazirə Ermənistan əhalisinin 50%-dən çoxunun səs verməsi bir daha onu nümayiş etdirdi ki, Ermənistan cəmiyyəti müharibə istəmir”.

Politoloq bildirib ki, bundan sonra rəsmi İrəvanın Türkiyə və Azərbaycanla əməkdaşlıqdan başqa bir yolu yoxdur: “Düşünürəm ki, qısa bir zamanda Paşinyan böyük bir sülh sazişinə imza atacaq və buna məcburdur. Çünki imza atdığı kapitulyasiya müqaviləsindəki kimi Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələri ərazidən çıxmalıdır. Ermənistan kapitulyasiya müqaviləsinə imza atdığı kimi həmin sənəddə göstərilən digər şərtlərə də əməl etməlidir”.

Qeyd edək ki, ötən gün Ermənistanda 1 281 911 seçicinin iştirak etdiyi parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş həmrəyli” partiyası 53,92%, sabiq prezident Robert Köçəriyanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04%, “Mənim şərəfim var” bloku 5,23%, “Çiçəklənən Ermənistan” partiyası 3,96%, “Aydınlanmış Ermənistan” – 1,22%, Erməni Milli Konqresi isə 1,54% səs toplayıb. Qeyd edək ki, dünənki seçkilərdə 21 siyasi partiya iştirak edib.

Xəbər xətti