Vətən Müharibəsindən alacağımız dərslər ...

13:14 - 13 İyun 2021 - Cəmiyyət

Qırx dörd gün davam edən və böyük qalibiyyətimizlə başa çatan Vətən Müharibəsinin bitməsindən 7 ay geridə qaldı. Bu müddətdə bir gün, bir saat olmasın ki, Böyük Zəfərin gətirdiyi sevinc dolu hissləri təkrar-təkrar yaşamayaq. Tam səmimiyyətimlə söyləyə bilərəm ki, Vətən Müharibəsi yeganə müraciət etdiyim mövzudur ki, onun haqqında saatlarla danışmaq, dinləmək, yazmaq, keçirdiyim hissləri paylaşmaq istəyirəm. Və indi tam anlayıram ki, geridə qalan 28 il yaşamamışam, sanki digər canlılar kimi nəfəs alıb-vermişəm. Odur ki şəxsən mənə və məni kimi düşünən, eyni düşüncə sahiblərinə sadəcə canlı deyil, təbiətin ən ali varlığı – insan olduğumuzu xatırladan, bundan sonra instinktiv yox, şüurla, həm də qürurla davranmağımiza səbəb olan şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Bir deyim var: kişi udmaq kimi, uduzmağı da bacarmalıdır. Bu deyim təkcə vətən, torpaq məsələsində keçərli deyil. Tarixən sənə məxsus vətənin kiçik bir parçasının, bir qarış torpağının belə itirilməsinin gətirdiyi ağrı-acıları bir elm adamı kimi xarici ölkədə olarkən daha çılpaqlığı ilə hiss etmişəm. Xatirimdədir, 2012-ci ildə Təbriz şəhərinə elmi konfransa gedərkən, İran ərazisindən keçməklə Bakı-Biləsuvar-Culfa yolunun yolçularından biri oldum. Həmin zaman “Arazın o tayı” dediyimiz tərəf ilə getməyə məcbur olmuşdum və “Arazın o tayı” bizim üçün “Arazın bu tayı”na çevrilib. Tarixin böyük ədalətsiziliyi idi ki, həmişə “Arazın bu tayı” dediyimiz yer 28 il erməni işğalı altında qaldığından, oraya da “Arazın o tayı” gözü ilə baxmaq məcburiyyətində qalmışdıq. Tarixin ironiyasına bax ki, “Arazın o tayı da, bu tayı da” əzəli Bütöv Azərbaycan torpaqlarınin tərkibində “bu tay” olduğu halda, hər ikisi “o tay” olmuşdu.

Orada yaşadığım iki acı mənzərə heç vaxt məni tərk etmədi: birincisi, yolboyu Füzulinin, Cəbrayılın, Zəngilanın erməni işğalı altında qalan, vəhşiliklə dağıdılmış uçuq evlərə həsrətlə baxmağımı, həmin evlərin sakinləri olmuş həmyerlilərimin böyük hıçqırıqla göz yaşı axıtması, hay-həşir qoparmaları, hətta nə qədər “daş ürək” olasan belə, yoldan ötən hər kəsin özündən aslı olmadan onlara qoşulub səssiz-səmirsiz ağlamağları, bir-birilərinə təsəlli vermələri unutmadığım  səhnələrdir. İkincisi isə, İrandan olan taksi sürücülərinin bir çoxunun “baba o torpaqlar Sizindir, burda göz yaşı axıtmaqdansa, gedin, torpaqlarınıza sahib çıxın. Biz sizin yerinizə olsaydıq, o gördüyünüz erməni köpəklərini əliyalın qovmuşduq”, deyə bizi məzəmmət etmələri, mənə düşdüyüm birinci mənzərədən daha ağır gəlirdi. İndi, təsəvvür edirsiniz, bizi elə utancaqlıqdan, rüsvayçılıqdan xilas edən son 15-20 ilin yetişdirdiyi gənclik hansı xariqələri yaradaraq, bizim bacarmadığımızı və az qala namümkünə çevrilən bir şeyi mümkün, əl çatmaz olanı da əlçatan etdilər.

Əhd etmişəm, Bakı-Biləsuvar-Culfa yolunu bir daha gedərək, yenə o yerləri fərqli rakusdan seyr edəcəm, qürurlu, qalib xalqın övladı olduğumun hissinin necə bir hiss olmasının fərqinə varacam, ən azı İran taksi sürücüsünün indi necə düşündüyünü anlamağa çalışacaq və Vətən Müharibəsində dastan yazan müqəddəs şəhidlərimizin qəhrəmanlıqlarından yol boyu saatlarla danışacam.

Qəhrəman igidlərimizin tifil canları hesabına başa gələn 44 günlük müharibədə qazandığımız Böyük Zəfərin səbəb və nəticələrindən heç şübhəsiz bundan sonra çox yazılacaq, çox danışılacaq. Düşünürəm ki, bu gün səbəblərdən çox, indiyə qədər çıxardığımız və bundan sonra alacağımız dərsləri müzakirə etməliyik.

Sözsüz, Vətən Müharibəsində qələbəni təmin edən səbəblər çox olsa da onlar içərisində iki məqamdan biri - Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti ölkəmizi hərbi, iqtisadi, siyasi nöqteyi-nəzərdən qüdrətli dövlətə çevirə bilməsi idi ki, sonda xalq-iqtidar birliyi, bütün qüvvələrin “Dəmir yumruq” altında birləşməsi ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələndi.

İkinci qeyd etmək istədiyim vacib məqam ölkəmizə, xalqımıza son 200 illik tariximizdə ilk dəfə tarixi torpaqlarımızı geri qaytarmaqla böyük qələbə əldə edən vətənpərvər gənclik yetişdirə bilməyimizlə bağlıdır. Söhbət cənab Prezidentin də vurğuladığı kimi son 17 ildə yetişən Birinci Qarabağ müharibəsi başlananda çoxu heç anadan olmayan, işğal olunmuş rayon və kəndləri yalnız video və şəkillərdə görüb, oraları yaşayan və canlı görənlərdən çox sevən, 44 günlük Vətən Müharibəsində qanları-canları ilə dastan yazan, sınmış qürurumuzu dikəldən, alnımıza yazılan ləkəni təmizləyən gənclərdən gedir. Onların ruhu qarşısında nə qədər baş əysək, onları böyüdən ata-analara nə qədər minnətdar olsaq, yenə azdır, borclarını ödəyə bilmərik.

Bu mövzuda gəldiyim qənaət odur ki, alimdən adi peşə sahibinə, ziyalıdan sadə vətəndaşa qədər hər kəsin Vətən Müharibəsindəki nəticələrdən özü, ətrafı üçün çıxardığı dərslər olmalıdır. Mənə görə, ilk növbədə unutmamaq hissləri düşüncələrimizlə hərəkətlərimiz arasında körpü olmalıdır. İmkan düşən kimi özünü qaniçən, zalım, başkəsən, məğlub olanda dünyanın ən zavallı, məzlum toplumu kimi aparan bir qonşunun bizim ölkənin taleyinə yazılmış uğursuzluq, şanssızlıq olduğunu heç zaman unutmamalı, revanş hissi ilə yaşayan erməni qüvvələrinə qarşı həmişə ayıq-sayıq olmalıyıq. Bu baxımdan yaradılan zəfər muzeyləri, Hərbi Qənimət Parkı biz və bizdən sonra gələn nəsillər üçün tarixdə yaşadıqlarımızı yaddan çıxarmamaqdan ötrü gözəl vasitədir. Ancaq bunlar məqsədəuyğun olsa da, yetərli sayılmamalıdır.

Vətən Müharibəsinin yaratdığı yeni reallıqlara uyğun olaraq vətənimizin tarixi I və II Qarabağ müharibəsinin bütün detalları incələnməklə, xronoloji ardıcıllıqla tam yenidən yazılmalı, və bu fənn həm orta, həm də ali məktəblərin geniş tədris proqramına daxil edilməli, ilk dərslər hər şəhər, rayon, kənd, qəsəbənin şəhid və qazilərinin qəhrəmanlıqlarına həsr olunmalıdır.

Vətən Müharibəsi bir daha göstərdi ki, bundan sonra da daim bir yumruq olmalıyıq. Siyasi, iqtisadi, dini, elmi, mədəni baxışlarımız fərqli ola bilər. Bu problemlərdən nə qədər danışılsa, hakim zümrədən onların həlli tələb olunsa ən çox qazanan ölkəmiz, millətimiz bütövlükdə toplum olacaq. Lakin ümummilli məsələ olan vətən mövzusunda eyni düşünüb, eyni hərəkət etməliyik, “Dəmir Yumruq” kimi bir hədəfə vurmalıyıq ki, qazancımız çox olsun. Daha bizim itirən vaxtımız deyil.

Böyük qələbəni bizə qazandıran şəhidlərin ailə üzvlərini və qazilərimizi həmişə diqqətdə saxlamalı, onlara maddi-mənəvi qayğı ilə yanaşmalı, necə deyərlər hər cümləmizin mübtədası onlarla başlayıb, xəbəri onlarla bitməlidir.

Vətən Müharibəsi eyni zamanda bizə ölkəmizin əsl dost və düşməninin kimliyini tanımağa yardımçı olduğunu nəzərə alaraq, bu haqq savaşında ölkəmizə yaxından siyasi, mənəvi dəstək verən ölkələrlə siyasi, elmi, mədəni, təhsil və sair sahələrdə vahid əməkdaşlıq platformaları yaradılmalı, onların aparıcı mərkəzləri ilə ayrı-ayrı ixtisaslaşmış istiqamətlər üzrə müştərək beynəlxalq araşdırma qrupları yaradılmalı, Azərbaycan həqiqətlərinin təbliğində bu mərkəzlərin xidmətindən istifadə etməliyik. Unutmayağın, yalnız aktiv müharibə bitib, mübarizəmiz isə davam edir.

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü, elmlər doktoru, dosent

Xəbər xətti